Cəmiyyət xoş sürpriz gözləyir – AXI NİYƏ DƏ YOX?! » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Cəmiyyət xoş sürpriz gözləyir – AXI NİYƏ DƏ YOX?!

Cəmiyyət xoş sürpriz gözləyir – AXI NİYƏ DƏ YOX?!

Müəllif: lennon
//
02 Aralık 2019
//
//

Cəmiyyət xoş sürpriz gözləyir – AXI NİYƏ DƏ YOX?!

İllərdir “dəyişiklik” adı altında fərdlər dəyişib, idarəçilik yanaşmaları yox



Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.



Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”



Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.



AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.



Gündəmin çalxalandığı ötən həftənin ən miqyaslı hadisələri Prezident Administrasiyasındakı dəyişikliklər, Parlamentin buraxılması və növbədənkənar Parlament seçkilərinin keçiriləcəyi bəyanatı oldu. Özü də maraqlıdır ki, bu təşəbbüslə hakim Yeni Azərbaycan Partiyası çıxış etdi. Yəni “iti öldürənə sürütlədərlər” prinsipi işlədi: Parlamentin əsasını təşkil edən, bir sıra deputatlarının atdıqları addımlara görə cəmiyyətin qınağına tuş gəldiyi bir təşkilat yenilənmə siqnalları verdi.



İndi bu addımı partiya Siyasi Şurasının özümü atdı, yoxsa məcburmu edildi – bu, məsələnin ikinci tərəfidir. Amma əksəriyyəti bir neçə sual maraqlandırır: Növbəti seçkilərə bir ildən də az vaxt qalan bir ərəfədə yeni seçki kimə və nəyə lazımdır? Bir il gözləmək olmazdımı? Axı niyə indi?! Və bu yeni Parlamentin köhnələrdən fərqi nə olacaq?



Suallara siyasətçilərin verdiyi cavabları qoyaq bir kənara və məsələlərə cəmiyyətin sıravi nümayəndəsinin, necə deyrələr, “obıvatelin” fikirləri ilə yanaşaq.



“Obıvatel” anlayır ki, parlamentin yenilənməsi yeni qüvvələrin daşlaşmış dünya görüşünə qarşı bir demarşıdır. Və bu demarş kifayət qədər dəstəyə malikdir. Bu dəstəyin səbəbi isə təkcə, hakimiyyət daxilindəki çəkişmələr deyil. Cəmiyyət Parlamentdə və hakimiyyət dəhlizlərində 25-30 il tərpənmədən oturan, bu illər ərzində dövlətin verdiyi kresloya öz ata malı kimi baxan, deputat mandatına xalqa xeyir verəcək hansısa qanunun qəbulu üçün vasitə əvəzinə, öz şəxsi problemlərini həll etməyə, biznesinə “krışalıq” üçün vasitə kimi baxan insanlardan yorulub.



Axı son illər ərzində, məhz bu deputatların adları dəfələrlə müxtəlif qalmaqallarda hallanırdı: Biri biznesinin – istirahət mərkəzinin olmasını belə, gizlətmir, o biri rabitəsiz çıxışının cəmiyyət tərəfindən gülüş obyektinə çevrilməsində özündən başqa hamını günahkar sayır, digəri deputat mandatını girov qoyur, o biri isə müəllimlərə işdən sonra da taksi sürməyi, nə bilim, fəhləlik etməyi məsləhət görür. Və bütün bu cəfəngiyyatlar elə ağıllı sifətlə edilir ki, adam özü-özündən şübhələnir ki, bəlkə biz düzgün düşünmürük...



Yuxarı dairələrdə oturanların və Parlamentə 25 ildir ki, öz evi kimi baxnların ən ciddi problemlərindən biri də balalarıdır. Adama nə qədər deyərlər axı: ay oğul, taxdığın bahalı saatın, sürdüyün bahalı maşının, gəzdiyin model qızların şəklini çəkib qoyma bu sosial şəbəkələrə?! Axı cammat da sizin düşündüyünüz kimi sadəlöhv deyil və bütün bunların deputat və ya məmur maaşı ilə alınmadığını gözəl anlayır. Amma kimə deyirsən!



İndi cəmiyyət bu dəyişikliklərdən nə çıxacağını bilmir, bəlkə də daha yaxşı və ya daha pis oldu. Amma bir ümid var: ümid var ki, xarici universitetlərdə oxumuş, ingilis dilini yaxşı bilən bu gənclər, xüsusən də bu gənclərin irəli çəkilməsinə nail olan qüvvələr daşlaşmış təfəkkür, yerlibazlıq, tayfabazlıq və daha neçə-neçə dövlətin təməl daşlarına zərbə vuran mənfilikləri düzəltməyə çalışacaq. Bəli, hamı anlayır ki, hakimiyyət sistemi eynidir və köklü dəyişikliklər elə də asan başa gəlməyəcək. Və ingilis dilli gənc kadrların dil bilikləri dövlətin idarə olunması üçün əsas amil ola bilməz.



Dünyada milyardlarla insan ingilisi dilini bilir, amma onların heç də hamısı idarəçi deyil. Əsas zehniyyət dəyişməlidir. Nə qədər ki, məmur – deputat insanlara, onların problemlərinə öz personal avtomobilinin pəncərəsindən baxacaq, ingilis, rus, fransız dillərini bilsələr belə, nəyinsə dəyişəcəyinə ümid etmək, ən azı siyasi savadsızlıqdır.



Köhnələr dövlət idarəçiliyində ağır bir ballasta çevrilmişdilər və bu baxımdan Parlamentin tezbazar dəyişməsini, şəxsən mən dəstəkləyirəm. Çünki, ziyanın yarısından nə vaxt qayıtsan, yenə də xeyirdir. Cəmiyyət “köhnələr getdi, indi görək bunlar nə edəcək” sualının cavabını gözləyir.



Açığını deyək ki, əksəriyyət nəyinsə dəyişəcəyi baxımından pessimistdir və onları başa düşmək olar: illərdir “dəyişiklik” adı altında yalnız fərdlər dəyişib, idarəçilik yanaşmaları yox. Amma yenilərin də şansı var, yəni cəmiyyət insanları kimliyinə görə yox, əməllərinə görə qiymətləndirmək arzusundadır.



Bəlkə “budet sdelano” deyənlərin əvəzinə gələn, lakonik “Ok” cavabının daşıyıcıları cəmiyyəti, sözün yaxşı mənasında təəccübləndirdilər? Bunun üçün onlara şans verilib. Bu şansdan yararlanmaq lazımdır. Axı niyə də yox?!

Müəllif: Yoldaş Mircəfər
Xəbər Lenti Giriş Populyar Reklam