Aqrar sahənin sürətli inkişafı yüksəkixtisaslı kadrlardan asılıdır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Aqrar sahənin sürətli inkişafı yüksəkixtisaslı kadrlardan asılıdır

Aqrar sahənin sürətli inkişafı yüksəkixtisaslı kadrlardan asılıdır

Müəllif: lennon
//
21 Kasım 2019
//
//

Aqrar sahənin sürətli inkişafı yüksəkixtisaslı kadrlardan asılıdır

Azərbaycan Dövlət Aqrar Universiteti bu ehtiyacı layiqincə ödəyir

Ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən dövlət son illər aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. Xüsusən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmaq üçün dövlət başçısı tərəfindən ardıcıl olaraq çoxsaylı fərman və sərəncamlar imzalanmışdır ki, bununla da aqrar sahədə qanunvericilik bazası təkmilləşdirilmiş, daha mütərəqqi iqtisadi hüquqi baza yaradılmışdır. Nəticədə son illər kənd təsərrüfatı məhsulları istehsalı sahəsində böyük uğurlara nail olunmuşdur.

Söz yox ki, qazanılan hər bir uğurda kadrlar həlledici rol oynayır. Bu baxımdan ölkəni kənd təsərrüfatı kadrları ilə təmin edən Azərbaycan Dövlət Aqrar Universitetində bir çox nailiyyətlər qazanılmışdır. Əvvəlki illərdən fərqli olaraq indi bu ali təhsil müəssisəsində tədrisin keyfiyyəti daha da yüksəldilərək inkişaf etmiş Avropa ölkələrinin ali təhsil müəssisələri səviyyəsinə çatdırılmışdır. Bütün bu uğurlar Prezident İlham Əliyevin universitetə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdur.

Universitetin maddi-texniki bazası möhkəmlənir

Azərbaycan Dövlət Aqrar Universiteti fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan, eləcə də dünya aqrar elminə çoxsaylı alimlər və mütəxəssislər vermişdir. Bundan başqa, bu universitet həm də ölkəmizin kənd təsərrüfatının daha da inkişaf etdirilməsində elmi tədqiqatların mühüm mərkəzi hesab edilir. Lakin respublikamızda müstəqillik bərpa olunduqdan sonra bir müddət hökm sürən durğunluq bu ali təhsil müəssisəsinin fəaliyyətinə də mənfi təsir göstərmişdi. Ölkədə ağır vəziyyətə düşən kənd təsərrüfatı sahəsinin inkişafına maraq azaldığından bu sahənin kadr hazırlığı da arxa plana keçmişdi. Lakin ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra aqrar sahənin inkişafına ciddi diqqət yetirilmiş, əhalinin ərzaq məhsullarına olan tələbatının odənilməsi üçün xüsusi layihələrin həyata keçirilməsinə başlanılmışdır. İlk növbədə yüksəkixtisaslı kənd təsərrüfatı kadrlarının hazırlığına diqqət artırılmış və respublikada aqrar sahə üçün kadr hazırlayan Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti gücləndirilmişdir.

Ulu öndərdən sonra onun layiqli davamçısı Prezident İlham Əliyev də bu ali təhsil ocağının professor, müəllim və tələbə heyətinə daim qayğı göstərmiş, onların elmi fəaliyyətlə səmərəli məşğul olmalarına, yüksək səviyyədə təhsil almalarına və sosial məsələlərinin həllinə həssaslıqla yanaşmışdır. Nəticədə universitet aqrar sahənin yüksəkixtisaslı kadrlarla təminatına nail olmuşdur. Qısa vaxt ərzində ali təhsil ocağının maddi-texniki bazası möhkəmləndirilmiş, gənclər arasında kənd təsərrüfatı ixtisasına yiyələnmək istəyənlərin sayı xeyli artmışdır. İndi burada tədrisin keyfiyyətini yüksəltmək üçün zəngin maşın-traktor parkı, baytarlıq klinikası, quşçuluq, maldarlıq, atçılıq tədris mərkəzləri, istixanalar, torpaqşünaslıq və aqrokimya, toxumçuluq laboratoriyaları, bitki klinikası mərkəzləri, kompüter otaqları, idman meydançaları, tələbə parkı, geniş və işıqlı auditoriyalar yaradılmışdır.

Beş ədəd avtobus alınmışdır ki, bu da tələbələrin tədris-təcrübə sahələrinə gediş-gəlişini asanlaşdırmışdır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bütün avadanlıqları ilə birlikdə baytar-sanitar ekspertizası laboratoriyası, "Aqrolizinq” ASC-nin xətti ilə 20 adda yeni kənd təsərrüfatı texnikası, o cümlədən "New Holland” markalı taxılyığan kombayn, "Belarus” markalı traktor, toxumsəpən, gübrəsəpən, çiləyici, kartofəkən və çıxaran, bağ və üzümlüklərdə cərgəarası becərmə aqreqatı, otbiçən və sair aqreqatlar alınmışdır. Hazırda universitetin 1500 kvadratmetr sahədə zəngin maşın-traktor parkı vardır ki, bu da tələbələrin müasir texnikaların quruluşunun, nizamlanmasının və istismarı qaydalarının öyrənmələrində başlıca rol oynayır.

Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyi bu ali təhsil müəssisəsini daim diqqət mərkəzində saxlayır. Məhz bunun nəticəsidir ki, son yarım ayda nazir İnam Kərimov iki dəfə universitetdə olmuş, təhsil ocağının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün məsləhətləşmələr aparmışdır.

Universitetin, tələbə yataqxanasının inşası da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. Yüksək zövqlə və keyfiyyətlə tikilmiş iki yataqxana binası tələbələrin bütün sosial məsələlərini demək olar ki, həll etmişdir. Yataqxanalarda tələbələrin yaşaması və dərsdən sonra istirahətləri üçün bütün şərait yaradılmışdır. 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə 520 yerlik yataqxana istifadəyə verildikdən sonra 514 yerlik daha bir tələbə yataqxanası inşa edilmişdir. Ümumi ərazisi 13 640 kvadratmetr olan yataqxana kompleksi dördü 7 mərtəbəli, biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarlarla təchiz edilmişdir. Hər mərtəbədə istirahət guşələri və mətbəx var. Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitnes zalları, kafe, kişi və qadın bərbərxanası, atelye, mağaza, camaşırxana, kitabxana, müayinə otağı və stomatologiya kabineti, valideynlərlə görüş otağı yaradılmışdır.

Bu ilin yanvar ayında universitet üçün yeni tədris korpusunun tikintisinə də başlanılmışdır. Prezident İlham Əliyevin 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına 14 milyon 245 min manat vəsait ayrılmışdır. Hazırda korpusun tikintisində son tamamlama işləri görülür və onun ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Universitetdə aqrar sahəyə aid bütün ixtisaslar üzrə kadr hazırlanır

Ölkədə aqrar sahənin belə sürətlə inkişaf etməsi gənclər arasında bu sahəyə marağı xeyli artırmışdır. Məhz bunun nəticəsidir ki, ali məktəblərə qəbul zamanı bu universitetdə oxumağa üstünlük verənlərin sayı ildən-ilə artır. Son illər professor-müəllim heyətinin tərkibi cavan, perspektivli və xarici mütəxəssislər hesabına əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Qeyd edək ki, 5 mindən çox tələbəsi olan universitetdə Azərbaycan dili ilə yanaşı, 10 ixtisasda rus, 5 ixtisasda ingilis dillərində tədris aparılır. 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

Onu da qeyd edək ki, universitetə yüksək balla qəbul olunan tələbələrə xüsusi qayğı ilə yanaşılır. Belə ki, qəbul imtahanlarında 400 və 500-dən yuxarı balla qəbul olunmuş tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd verilir. Bundan başqa, elmi şuranın qərarına əsasən, qeyri-kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunmuş tələbələrə 120 manat, 400 və 500-ə qədər balla qəbul olunmuş tələbələrə 80 manat məbləğində büdcədənkənar vəsait hesabına əlavə təqaüd verilir.

Universitetdə təhsil göstəriciləri yüksək olan tələbələrə də xüsusi diqqətlə yanaşılır. Belə ki, həmin tələbələr rektorun əmrinə əsasən, sessiya imtahanlarının nəticələrinə görə fənlərdən 100 bal toplayan tələbələrin aylıq təqaüdlərinə 100, 80 və 60 manat, ingilis dilli ixtisaslarda təhsil alanlara 70 manat aylıq yardımlar edilir.

Kadr hazırlığında tədris-təcrübə təsərrüfatlarının rolu böyükdür

Universitetdə tədrisi təcrübə ilə əlaqələndirmək üçün genişmiqyaslı işlər həyata keçirilir. Belə ki, əvvəllər fəaliyyət göstərmiş və sonralar baxımsızlıqdan yararsız vəziyyətə düşmüş tədris-təcrübə təsərrüfatı yenidən bərpa edilərək yüksək tələblərə uyğun şərait yaradılmışdır. 80 hektara yaxın ərazisi olan tədris-təcrübə təsərrüfatının 42,5 hektarı əkin altındadır. Burada 35 hektarda taxıl, 1,5 hektarda üzüm, 1,2 hektarda meyvə əkilmişdir. Su problemi də həll edilmişdir. Əvvəllər mövcud olan 4 subartezian quyusu bərpa edilərək istismara verilmişdir. Bundan başqa, təsərrüfatın yaxınlığından keçən "Ərəbli” adlandırılan su arxı da bərpa olunmuşdur. Burada xırda və iribuynuzlu heyvanlar, həmçinin at saxlanması üçün 3 müasir tövlə inşa edilmişdir. Heyvanların yemləndirilməsi üçün yığılan taxıl mini yem sexində emal olunur. Yemin saxlanması üçün anbar da inşa edilmişdir. Bitkiçilik, bağçılıq və heyvandarlıq ixtisasına yiyələnən tələbələrin nəzəri biliklərini təcrübə ilə birləşdirmək üçün açıq və qapalı tədris mərkəzləri da yaradılaraq müasir texnologiyalarla təmin edilmişdir.

Universitetdə nəzəriyyəni təcrübə ilə əlaqələndirmək üçün bir neçə başqa təcrübə təsərrüfatları, o cümlədən balıqçılıq və quşçuluq təsərrüfatları da yaradılmışdır. Tələbələr həmin təsərrüfatlarda yaradılmış auditoriyalarda məşğələlər keçir, balıqların, quşların yetişdirilməsində iştirak edir, onların irsi xüsusiyyətləri və müxtəlif xəstəliklərə davamlılığı haqqında ətraflı bilik əldə edirlər.

Universitet xarici əlaqələri genişləndirir

Azərbaycan Dövlət Aqrar Universiteti xarici ölkələrdə fəaliyyət göstərən və kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsində zəngin təcrübəyə malik universitetlərlə əlaqələri gündən-günə genişləndirir. Həyata keçirilən əməkdaşlıq əlaqələri böyük səmərə verməklə yanaşı, həm də elmi əməkdaşlığa geniş imkanlar açır. Qeyd edək ki, son illər bu sahədə də uğurlu nəticələrə nail olunmuşdur. Belə ki, bu əlaqələr nəticəsində təhsilin məzmununun müasirləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təşkili, interaktiv tədris üsulunun tətbiqi istiqamətində uğurlu göstəricilərə nail olunmuşdur.

Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Dicle Universiteti, Portuqaliyanın Porto Universiteti, Polşanın Krakov Kənd Təsərrüfatı Universiteti və sair ali təhsil ocaqları ilə əməkdaşlıq əlaqələri qurmuşdur. Əməkdaşlıq əlaqələri bununla bitmir. Bir çox xarici dövlətlərin təhsil ocaqları ADAU ilə əlaqələr qurmaq arzusundadırlar. Bu əməkdaşlıq çərçivəsində həmin universitetlərin alimləri tez-tez Gəncədə, eləcə də ADAU-nun alimləri xarici ölkələrdə mühazirələrlə çıxış edirlər. Bu yaxınlarda daha bir ali təhsil müəssisəsi ilə - Bolqarıstanın Plovdiv Aqrar Universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Gəncədə olan universitetin rektoru, professor Kristina Yançeva bu əməkdaşlığın əhəmiyyətindən danışaraq onun genişləndirilməsinin vacibliyini vurğulamışdır. Xüsusilə müəllim və tələbə mübadiləsinin əhəmiyyətindən danışan rektor hər iki universitet alimlərinin birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi ilə bağlı müzakirələrdə faydalı fikirlər səsləndirmişdir.

Fermerlərə təlimlər keçirilir

Universitet alimləri daim ətraf rayonlarda fəaliyyət göstərən fermerlərlə görüşür, onlara elmi məsləhətlər verirlər. Elə bu yaxınlarda universitetdə təşkil olunmuş seminarda 100 nəfərədək fermer iştirak edib. "Heyvandarlığın inkişaf perspektivləri, mövcud problemləri və qarşıda duran vəzifələr” mövzusunda keçirilən seminarda dosent Zahir Ələsgərov "Epizotiyalar və baytarlıq təbabəti qarşısında duran vəzifələr”, universitetin professorları Mirzə Əliyev "Heyvandarlıq məhsullarının müasir qiymətləndirmə üsulları və qida təhlükəsizliyi”, Famil Nəsibov "İri və xırdabuynuzlu heyvanlarda ən çox təsadüf olunan həzm sistemi xəstəlikləri” və Suliddin Abbasov "Balanslaşdırılmış yemləndirmənin məhsuldarlığa təsiri” mövzularında məruzələrlə çıxış etmişlər. Seminarda Daşkəsən, Goranboy, Göygöl, Samux, Kəlbəcər və digər rayonlardan 40-dan çox baytar həkimi iştirak etmişdir.

Universitetdə şəffaflıq təmin edilir

Tədris prosesinin səmərəli təşkili, sessiya imtahanlarının tam obyektiv şəraitdə keçirilməsi məqsədilə son bir neçə ildə universitetə 1000 yaxın kompüter dəsti, eləcə də çoxlu sayda "ağıllı lövhə” və 80 adda müxtəlif müasir informasiya texnologiyası avadanlıqları alınmışdır. Rektorun əmrinə əsasən, sessiyanın şəffaf və obyektiv keçirilməsi məqsədilə işçi və kodlaşdırma qrupları, həmçinin apelyasiya komissiyası fəaliyyət göstərir. Bütün fakültələr üzrə imtahanların təşkili və onlara nəzarət üçün xüsusi komissiyalar təşkil edilir. Bundan başqa, imtahanların qəbulu üzrə ictimai nəzarət qrupu da fəaliyyət göstərir. Qrupun tərkibinə ictimai təşkilatların əməkdaşları, valideynlər və mətbuat nümayəndələri daxil edilir.

Məzunların işlə təminatı diqqət mərkəzindədir

Respublika Kənd Təsərrüfatı Nazirliyi və universitet rəhbərliyi məzunların işlə təminatını daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə tez-tez məzun yarmarkaları keçirilir. Bu günlərdə keçirilən 11-ci yarmarkada universiteti bitirmiş məzunlara müxtəlif ixtisaslar üzrə iş yerləri təklif olunmuşdur. 41 rayondan 164 müəssisənin iştirak etdiyi və 918 iş yerinin təklif olunduğu yarmarkada 50-dən çox məzun özünə yeni iş yeri tapmışdır. Onlar həmin müəssisələrin təmsil olunan nümayəndələri ilə söhbətlər apardıqdan sonra razılığa gəlinərək əmək müqavilələri bağlamışlar. Məzun yarmarkasında kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrar sahənin inkişafı istiqamətində görülən işlərdən və bu sahədə qazanılan uğurlardan danışmışdır. Bildirmişdir ki, belə yarmarkaların keçirilməsi Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları üçün yeni iş yerlərinin açılmasında geniş imkanlar yaradır.

Görüləsi işlər hələ qarşıdadır

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, 5 il dalbadal ilin rektoru seçilmiş İbrahim Cəfərovla söhbət zamanı dedi ki, indiyədək görülən işlər bizi qane etmir. İndi elə bir vaxtdır ki, əldə olunan nəticələrlə kifayətlənə bilmərik. Çünki aqrar sahə daim yenilik tələb edir. Odur ki, kənd təsərrüfatının sürətli inkişafına nail olmaq üçün qabaqcıl texnologiyaları mənimsəməliyik. Qabaqcıl texnologiyaların mənimsənilməsində isə yüksəkixtisaslı kadrlar mühüm rol oynayır. Belə kadrlar Azərbaycan Dövlət Aqrar Universitetində hazırlanır. Biz hazırladığımız kadrların savadlı, bilikli və yaradıcı qabiliyyətə malik olmaları üçün var qüvvəmizlə çalışmalıyıq. Aqrar sahədə yüksək göstəricilər qazanmaq üçün irəliyə baxmalı, bu sahədə uğur qazanmış dövlətlərin qabaqcıl iş üsullarını və texnologiyalarını mənimsəyərək tələbələrə aşılanmasına nail olmalıyıq.

"Azərbaycan”

Aqrar sahənin sürətli inkişafı yüksəkixtisaslı kadrlardan asılıdır
Aqrar sahənin sürətli inkişafı yüksəkixtisaslı kadrlardan asılıdır
Aqrar sahənin sürətli inkişafı yüksəkixtisaslı kadrlardan asılıdır
Aqrar sahənin sürətli inkişafı yüksəkixtisaslı kadrlardan asılıdır
Aqrar sahənin sürətli inkişafı yüksəkixtisaslı kadrlardan asılıdır
Xəbər Lenti Giriş Populyar Reklam