Aqrar Universitet: əsrə yaxın şərəfli yol » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Aqrar Universitet: əsrə yaxın şərəfli yol

Aqrar Universitet: əsrə yaxın şərəfli yol

Müəllif: cavidan
//
20 Kasım 2019
//
//

Aqrar Universitet: əsrə yaxın şərəfli yol

Oxucunu intizarda qoymaq, yormamaq üçün elə yazının əvvəlində deyək: Hazırkı Azərbaycan Dövlət Aqrar Universiteti 1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla yaradılmış Bakı Politexnik İnstitutunun nəzdindəki 5 fakültədən biri olmuşdur. Yəni təxminən bir ildən sonra, 2020-ci ildə bu ali məktəbin 100 yaşını qeyd edəcəyik. Necə ki, bu günlərdə Gəncə Dövlət Universitetinin 80 illiyini, eləcə də vaxtilə ikiillik kurs, məntəqə, fakültə kimi fəaliyyətə başlayan digər ali məktəblərin yubileylərini qeyd etdiyimiz kimi.
Qarşımda kifayət qədər arxiv sənədi var. Məsələn, 1932-ci ildə çox dar bir çərçivədə Kənd Təsərrüfatı İnstitutunun 10 illik yubileyi keçirilib və bununla bağlı Bakıdakı “Qızıl Şərq” mətbəəsində 500-ü türk, 500-ü rus dilində 50 çap vərəqi həcmində 1000 nüsxə yubiley toplusu da buraxılıb. 1941-ci ildə çap edilən “Azərbaycan Kənd Təsərrüfatı İnstitutu – 20 yaş” adlı yubiley məcmuəsi də sübut edir ki, Aqrar Universitetin tarixi 1920-ci ildən başlanır. Digər maraqlı bir fakt Azərbaycan Kənd Təsərrüfatı İnstitutu üzrə 7 may 1951-ci ildə verilmiş əmrin surətidir: “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 30 illiyi haqqında” SSRİ Ali Təhsil Nazirliyinin 10 aprel 1951-ci il tarixli əmrində deyilir: Sovet hakimiyyəti qurulanadək heç bir ali məktəbi olmayan Sovet Azərbaycanının ilk ali məktəblərindən olan Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 14 dekabr 1950-ci ildə 30 yaşı tamam olmuşdur. İnstitut 30 il ərzində respublikaya 4387 aqranom, zootexnik, baytar həkimi, mühəndis-mexanik və digər ixtisaslardan olan mütəxəssislər vermişdir”. ...Həmin əmrdə daha sonra bununla bağlı bəzi əməkdaşlara “təşəkkürnamə” elan olunur, yubileylə əlaqədar elmi konfransın keçirilməsi, məcmuə buraxılması tapşırılır...
1920-ci ildə kənd təsərrüfatı fakültəsinin təşkili xalq mədəniyyətinin inkişafı tarixində çox mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanda ali kənd təsərrüfatı təhsilinin başlanğıc tarixi, eyni zamanda, respublikamızda kənd təsərrüfatı elminin yaranması və təşəkkül tapması kimi tarixə düşmüşdür. Bu dövrlərdə yeni yaradılmış kolxozlara, maşın-traktor stansiyalarına (MTS-lərə) yüzlərlə mütəxəssis tələb olunurdu və təbii ki, ölkədə müstəqil Kənd Təsərrüfatı İnstitutunun yaradılması zərurəti yaranırdı. Elə buna görə də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may 1929-cu il tarixli qərarı ilə kənd təsərrüfatı fakültəsinin bazasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) təşkil edilir və institut Xalq Maarif Komissarlığının tabeliyindən çıxarılaraq, Xalq Torpaq Komissarlığının tabeliyinə verilir. AKTİ 1931-ci ildə Bakıdan Gəncəyə köçürülür və buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytarlıq İnstitutu və Tbilisidəki Hidromeliorasiya İnstitutu onun tərkibinə birləşdirilərək çoxprofilli ali təhsil müəssisəsi formalaşdırılır.
Hələ İkinci dünya müharibəsinədək institut aqrar sahə üçün 3000 nəfərədək yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisi hazırlamışdı. Məzunların böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Onların arasında ruslar, ukraynalılar, gürcülər,ləzgilər, yəhudilər, belaruslar, tatarlar, yunanlar və başqa millətlərin nümayəndələri də var idi.
Bu təhsil ocağında dünyaca tanınmış alimlər fəaliyyət göstərmişlər. Professorlar A.A.Qrossheym və P.M.Jukovski SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, professorlar A.A.Fyodorov və K.A.Krassuyski isə müxbir üzvü seçilmişlər.
Azərbaycanın Dövlət himninin müəllifi, görkəmli istiqlal şairi Əhməd Cavadın ədəbi-ictimai fəaliyyətinin müəyyən bir dövrü (1931-1934-cü illər) bu qocaman təhsil ocağı ilə bağlı olmuşdur. Ə.Cavad əvvəllər dilçilik kafedrasının dosenti, sonralar kafedra müdiri və ilk professoru olmuşdur.
Dünya şöhrətli alimlər Yusif Məmmədəliyev, Çingiz Cuvarlı, Əlisöhbət Sumbatzadə, Məmmədtağı Qəniyev, İosif Yesman burada çalışmış, mütəxəssis hazırlığında misilsiz xidmətlər göstərmişlər. Sonralar bu alimlər Azərbaycan EA–nın həqiqi üzvü seçilmişlər.
Fərəhli haldır ki, universitetin məzunları arasında 23 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü olmuşdur. Onlardan görkəmli akademiklər Həsən Əliyev, Validə Tutayuk, İmam Mustafayev, Firuz Məlikov, Ələkbər Quliyev, İlyas Abdullayev, Siddiqə Məmmədova, Musa Musayev, Vahid Hacıyev, Məmmədtağı Cəfərov, Məhərrəm Babayev, Məmməd Salmanov, Rəhim Hüseynov və başqalarını göstərmək olar.
Kənd Təsərrüfatı İnstitutunun inkişafı ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı ilə bilavasitə bağlıdır. 1969-cu il iyulun 14-də Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin təşəbbüsü ilə cəmi 8 gün sonra, yəni iyulun 22-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin “S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinə hazırlıq və onun keçirilməsi tədbirləri haqqında” qərarı qəbul olunmuşdur. Yubileyin keçirilməsi 1970-ci il dekabrın 14-nə təyin edilmiş, Mərkəzi Komitə katibinin sədrliyi ilə 27 nəfərdən ibarət hökümət yubiley komissiyası yaradılmış və həmin qərardan irəli gələn müddəaların icrasını təmin etmək məqsədilə müvafiq orqan və təşkilatlara göstərişlər verilmişdir. Doğrudur, yubiley bəzi səbəblərdən təyin olunmuş müddətdə keçirilməsə də Heydər Əliyevin təşəbbüsü ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli fərmanı ilə “Şərəf nişanı” ordeni ilə təltif edilmiş və Heydər Əliyev 1980-ci il dekabrın 16-da Gəncədə, keçmiş ”Bakı” kinoteatrında keçirilən yığıncaqda Sovetlər İttifaqının rəhbərliyi adından həmin ordeni institutun kollektivinə təntənəli şəraitdə təqdim etmişdir. O zaman ulu öndər demişdir: “Azərbaycan Kənd Təsərrüfatı İnstitutu nəinki yüksəkixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır”.
Yarandığı gündən indiyədək Azərbaycan Dövlət Aqrar Universiteti çox şərəfli yol keçmiş, ölkəmizin aqrar sektoru üçün 70 minə yaxın yüksək ixtisaslı mütəxəssis hazırlamışdır.
Bu gün ADAU-nun 6 fakültəsi, 32 kafedrasında müxtəlif səviyyələrdə 34 ixtisas və 72 ixtisaslaşma üzrə mütəxəssis hazırlığı aparılır. Onların tədrisi ilə 500-dən çox professor-müəllim heyəti məşğuldur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sektora və aqrar təhsilə diqqəti və qayğısı sayəsində 2014-2018-ci illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası əhəmiyyətli səviyyədə möhkəmləndirilmiş, tədris korpusları əsaslı təmir olunmuş, yeniləri inşa edilmişdir.
Ölkə rəhbəri 2017-ci il noyabrın 10-da Gəncəyə 15-ci səfəri çərçivəsində çoxsaylı sosial-mədəni obyektlərlə yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin ikinci “Tələbə evi”nin də açılışında iştirak etmiş, öz məsləhətlərini və tövsiyələrini vermişdir. Qeyd edək ki, ölkə başçısı burada birinci “Tələbə evi”nin də açılışında iştirak etmişdir.
Son illər universitetə qəbul olan tələbələrin say və keyfiyyət tərkibində əsaslı müsbət dəyişikliklər baş verir. 400-650 arasında bal toplamış abituriyentlər arasında Azərbaycan Dövlət Aqrar Universitetini seçənlərin sayı xeyli artmışdır. Bu, təbii ki, yaradılmış şəraitlə əlaqədardır. Universitetin bitkiçilik və heyvandarlıq sahələri üzrə çoxlu sayda mərkəzləri, müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laboratoriyaları, kabinələri, rahat yaşayış üçün nümunəvi yataqxanaları yüksək mütəxəssis hazırlığı üçün olduqca vacib amillərdir.
Son 6 ildə professor-müəllim heyətinin tərkibi cavan, perspektivli və xarici dilli mütəxəssislərin hesabına əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Artıq 5200-dən çox tələbəsi olan ADAU-da bu gün Azərbaycan dili ilə yanaşı, 10 ixtisasda rus, 5 ixtisasda ingilis dillərində tədris aparılır, 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında həyata keçirilir.
Cəmi üç-dörd il əvvəl qəbul imtahanlarında abituriyentlərin topladıqları ən yüksək bal 400-450 olduğu halda, indi bu rəqəm 500-650-yə çatmışdır.
Ölkə rəhbərinin tapşırığına əsasən, bu tədris ilindən qəbul imtahanlarında 400 və 500-dən yuxarı bal toplayaraq qəbul olunmuş tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd verilir. Bununla yanaşı, elmi şuranın qərarına əsasən, qeyri kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunmuş tələbələrə 120 manat, 400-499 balla qəbul olunmuş tələbələrə isə 80 manat məbləğində büdcədənkənar vəsait hesabına əlavə təqaüd verilir.
Universitetdə təhsil göstəriciləri yüksək olan tələbələrə rektorluq tərəfindən ayrıca diqqət və qayğı göstərilir . Belə ki, sessiyaların yekunlarına görə fənlərdən 100 bal toplayanların aylıq təqaüdlərinə 100, 80 və 60 manat məbləğində əlavələrin edilməsi, ingilis dilli ixtisaslarda təhsil alanlara 50 manat məbləğində aylıq yardımlar edilməsi universitetdə artıq ənənə şəklini alıb. 2017-ci il noyabrın 1-dən professor-müəllim heyətinin aylıq maaşlarına əhəmiyyətli məbləgdə diferensial qaydada əlavələrin edilməsi universitetdə kadr hazırlığının keyfiyyətinə daha müsbət təsir göstərməyə başlamışdır.
Təhsil Nazirliyi Kollegiyasının 6 noyabr 2014-cü il tarixli qərarına uyğun olaraq, universitet elmi şurasında tələbələrin akademik borcu qalan fənləri götürmələrinə görə təhsil haqlarının (yay sessiyası istisna olmaqla) büdcədənkənar vəsait hesabına ödənilməsi qərara alınmışdır ki, bu qərar respublikanın ali təhsil müəssisələri arasında ilk olmaqla tələbə və valideynlər tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır. Yeri gəlmişkən qeyd edək ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yenilikçi, daim tələbələrin yanında olan, onların qayğılarını çəkən, problemlərini həll edən bir rəhbərdir. Onun rektorluğu dövründə universitet bütün sahələr üzrə elə bir inkişaf yolu keçib ki, bəhrələri artıq özünü büruzə verir. Lakin hər dəfə bu mövzuda söhbət düşəndə rektor əldə edilən uğurların ölkə rəhbərinin onlara göstərdiyi sonsuz diqqət və qayğısı ilə əlaqələndirir.
Bu gün universitetdə tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur. Yaradılmış yeni təsisatlar, o cümlədən aqrobiznes inkubasiya mərkəzi, aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə, kənd təsərrüfatı maşınlarının intellektual idarə edilməsi laboratoriyaları, quşçuluq, bildirçin və süni mayalanma tədris mərkəzləri, maşın-traktor parkı, heyvandarlıq kompleksi, bitki və baytarlıq klinikaları, patoloji anatomiya muzeyi – auditoriyası tələbələrin innovativ ideyalarının, startap layihələrinin həyata keçirilməsinə şərait yaradır.
Universitetdə bir neçə ixtisasın beynəlxalq akkreditasiyadan keçməsi və ikili diplom alınması üçün müvafiq işlər həyata keçirilir.
Son 6 ildə 4 nəfər elmlər doktoru, 51 nəfər fəlsəfə doktoru üzrə dissertasiya müdafiə edərək müvafiq elmi dərəcələrə layiq görülmüşlər.
Universitet dünyanın 20-dən çox ölkəsinin 60-dan artıq universiteti ilə, eyni zamanda, aqrar sahə ilə əlaqəli, müxtəlif təşkilat və birliklərlə ikitərəfli münasibətdədir. Bunlar ABŞ, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Çin, Polşa, İtaliya, Norveç, Macarıstan, Sloveniya, Çexiya və sair kimi ölkələrin aparıcı aqrar universitetləridir.
Son 6 ildə yüzlərlə müəllim və tələbə təhsil almaq, təcrübə keçmək, seminarlarda iştirak etmək və ikitərəfli əlaqələrin qurulması məqsədi ilə dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərinə göndərilmişdir.
...Yuxarıda qeyd etdiyimiz kimi, 2020-ci il dekabrın 14-də zəngin tarixə və ənənələrə malik Azərbaycan Dövlət Aqrar Universitetinin 100 illiyi tamam olur. İndi bu qocaman ali təhsil ocağında ali aqrar mütəxəssis hazırlığına başlanmasının bir əsrlik yubileyinin keçirilməsinə ciddi hazırlıq işləri görülür. Hamı həmin günü səbirsizliklə gözləyir.


“Xalq qəzeti”

Aqrar Universitet: əsrə yaxın şərəfli yol
Aqrar Universitet: əsrə yaxın şərəfli yol
Aqrar Universitet: əsrə yaxın şərəfli yol
Aqrar Universitet: əsrə yaxın şərəfli yol
Aqrar Universitet: əsrə yaxın şərəfli yol
Aqrar Universitet: əsrə yaxın şərəfli yol
Aqrar Universitet: əsrə yaxın şərəfli yol
Xəbər Lenti Giriş Populyar Reklam