Görkəmli alim, bacarıqlı təşkilatçı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Görkəmli alim, bacarıqlı təşkilatçı

Görkəmli alim, bacarıqlı təşkilatçı

Müəllif: 6574217
//
01 Ocak 2013
//
//

Görkəmli alim, bacarıqlı təşkilatçı

www.xeberleragentliyi.com saytının www.ictnews.az saytına istinadən verdiyi məlumata görə:
Dünyanın qloballaşması, yeni cəmiyyətin qanunauyğunluqlarının bərqərar olması elmi-texniki tərəqqi ilə bağlıdır. Bu gün informasiya-kommunikasiya texnologiyaları (İKT) sferasında bəşəriyyətin rifahına yönələn inqilabi kəşflər edilir, innovativ dəyişikliklər müşahidə olunur. Sürətlə inkişaf edən informasiya texnologiyaları istənilən fəaliyyət sahəsinə getdikcə daha dərindən nüfuz edir. Bütün bunların sayəsində isə dünyanın mənzərəsi dinamik olaraq dəyişir. Artıq sivil cəmiyyəti mobil rabitə, internet xidmətləri olmadan təsəvvür etmək qeyri-mümkündür.

Dünyada gedən bu proseslər informasiya cəmiyyətinin başlıca tələblərindən irəli gəlir. Həmin tələblərin uğurla həyata keçirilməsində isə informatika elminin, İKT-nin inkişafına öz töhfəsini verən, bu sahədə məqsədyönlü siyasət yürüdən görkəmli şəxsiyyətlərin rolu əvəzedilməzdir. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə elektron dövlət quruculuğu prinsiplərinin müvəffəqiyyətlə həyata keçirilməsində bilavasitə iştirakçı olan aparıcı qüvvələr məhz informatika elminin dərinliklərinə yiyələnən, İKT-nin müxtəlif sahələrdə səmərəli tətbiqi siyasətini uğurla həyata keçirən kreativ və peşəkar şəxsiyyətlərdir.

Bu gün İKT-nin dinamik inkişaf edərək prioritet sahələrdən birinə çevrilməsi məhz həmin insanların innovativ təfəkkürü, səmərəli fəaliyyəti və yüksək təşkilatçılıq bacarığı sayəsində mümkün olur. Qloballaşma prosesinin vüsət almasına rəvac verən İKT sektorunun Azərbaycanda inkişafı, milli kadrların hazırlanması, bir sözlə, informasiya cəmiyyətinin təşəkkülü və bərqərar olması prosesinin uğurla aparılmasında görkəmli elm xadimlərimizin, mütəxəssislərimizin böyük xidmətləri vardır. Məhz onların geniş erudisiyası, tükənməz enerjisi, gərgin axtarışları, səmərəli təşkilatçılıq qabiliyyəti gələcək nəsilləri yaradıcılığa, axtarışlara səsləyən bir örnək və məktəbdir.

Belə şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovdur...

...Əli Məmməd oğlu Abbasov 1 yanvar 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Naxçıvan şəhərində 2 saylı orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun "İstehsal proseslərinin avtomatlaşması" fakültəsinə daxil olur. O vaxtlar azərbaycanlı gənclər ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilirdi.


Ə.Abbasov da institutun əlaçı tələbəsi kimi təhsilini davam etdirmək üçün Moskva Energetika İnstitutuna gəlir. 1976-cı ildə həmin ali məktəbi avtomatika və telemexanika ixtisası üzrə bitirir və təyinatla Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutuna gəlir. Gənc mütəxəssis kimi araşdırmalara başlayan Ə.Abbasov bir qədər sonra institutun elmi şurasının qərarı ilə Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunun məqsədli aspiranturasına daxil olur. 1981-ci ildə o, məşhur alim, akademik V.Qluşkovun rəhbərliyi altında böyük inteqral sxemlərin (çiplərin) ölçüsünün kiçildilməsi problemlərinin həllinə həsr olunmuş dissertasiya işini vaxtından əvvəl müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alır və onun tərəfindən təklif olunan metodlar sovet hərbi sənaye kompleksində tətbiq edilir. Məhz buna görə də gənc alim mikroelektronika sahəsində Moskva şəhərində fəaliyyət göstərən hərbi təyinatlı elmi-tədqiqat institutuna dəvət alır, lakin bu təklifi qəbul etmir və Azərbaycana dönür.

XX əsrin II yarısında internetin meydana gəlməsi, dünyada geniş vüsət alması ilə bəşər tarixində informasiya cəmiyyəti erasının əsası qoyuldu. Həmin illərdə informasiya və idarəetmə texnologiyalarının müxtəlif istiqamətləri üzrə aktual elmi-nəzəri problemlərin araşdırılmasına böyük zərurət yaranmışdı. Ona görə də Ə.Abbasov 1980-ci illərdə AEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində yeni laboratoriya təşkil edir və ətrafına qabiliyyətli gəncləri toplayaraq tədqiqatlara başlayır. Şəbəkə mühitində paylanmış intellektual informasiya sistemlərinin elmi-nəzəri əsaslarının işlənməsi və inkişafında böyük uğurlar qazanır, əldə etdiyi nəticələri praktikada müvəffəqiyyətlə tətbiq edir. Uzun illər aparılan elmi araşdırmaların nəticəsi kimi o, 1994-cü ildə "Elektron hesablama maşınları şəbəkələrində paylanmış informasiya emalı sistemlərinin layihələşdirilməsi modelləri və metodları" mövzusunda dissertasiya işini müdafiə edir və texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülür.


Ə.Abbasovun təklif etdiyi elmi-nəzəri metodlar dünyanın aparıcı elmi mərkəzləri və alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki o, kompyuter şəbəkələrində idarəetmə sistemlərinin funksional-topoloji quruluşu ilə tətbiq proseslərini əlaqələndirən optimal məsələlərin qoyuluşunun və həllinin müəllifidir. Həmçinin kompyuter şəbəkələrində paylanmış informasiya emalı sistemlərinin layihələndirilməsi, sərbəst topologiyaya malik kompyuter şəbəkələrində dayanıqlılıq məsələsinin həlli, bu tip şəbəkələr üçün iyerarxik idarəetmə sisteminin sintezi, paylanmış informasiya sistemləri üçün imitasiya modellərinin yaradılması, paylanmış verilənlər bazalarında tamlıq məsələlərinin həllini vermişdir. Ə.Abbasov qeyri-səlis relyasiya strukturlu paylanmış biliklər bazaları, onlar üzərində qərarların qəbulu və ekspert sistemlərinin sintezi üçün adaptiv metodlar işləmiş və ideal bilik bazasının riyazi modelini təklif etmişdir.

O, bir sıra mühüm praktiki layihələrin icraçısı olmuş, "Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri" dövlət proqramına rəhbərlik etmiş, müxtəlif arxitekturlu şəbəkə texnologiyalarının (DECNET, SNA, X.25 və s.) ölkəmizdə tətbiqini həyata keçirmişdir. 1991-ci ildə Ə.Abbasovun rəhbərliyi altında ilk kompyuterin internet beynəlxalq kompyuter şəbəkəsinə qoşulması ilə Azərbaycanda internetin infrastrukturunun əsası qoyulmuş, 1995-ci ildə isə milli domen zonasında ilk dəfə olaraq AEA-nın www.ab.az (indiki www.science.az portalı) veb-saytı yaradılmışdır. Bilavasitə onun iştirakı ilə müstəqil ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsinə xidmət edən bir sıra strateji əhəmiyyətli, o cümlədən hərbi təyyarələrin "qara qutu"sunda olan informasiyanın oxunması və analizi, uçan obyektlərin aşkarlanması sistemlərinin işlənməsi və s. kimi elmi tutumlu layihələr yerinə yetirilmişdir.


Bundan başqa, Bakı Metropoliteninin bütün stansiyalarının avtomatik buraxılış sistemləri və onlar üçün o dövrdə istifadə olunan optik jetonların işlənib hazırlanması və tətbiqi də Ə.Abbasovun rəhbərliyi ilə həyata keçirilmişdir. Ə.Abbasov görkəmli alim, ziyalı olmaqla yanaşı, həm də təcrübəli elm təşkilatçısıdır. Bu keyfiyyətlərini əsas tutaraq rəhbərlik onu 1988-ci ildə AEA AİS şöbəsinin baş mühəndisi, 1992-ci ildə isə direktoru vəzifəsinə təyin edir. O, bu vəzifəyə təyin olunmaqla böyük böhranla üzləşən təşkilatın qısa müddət ərzində nəinki normal fəaliyyətini bərpa edir, həm də o dövr üçün xarakterik olan kadr axınının qarşısını alır, kollektivin üzərinə mühüm elmi-praktiki vəzifələr qoymaqla onların maddi rifahını xeyli yaxşılaşdırır, rəqabət şəraitində təşkilatın dinamik inkişafını təmin edir.


Məhz bu nailiyyətləri nəzərə alaraq, Elmlər Akademiyasının Rəyasət Heyəti Ə.Abbasovun təşəbbüsünü dəstəkləyərək AİS şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinin (İTEM) yaradılması haqqında qərar verir və onu elmi mərkəzin ilk direktoru təyin edir. Sonralar AEA İTEM-in respublikada İKT sahəsində elmi tədqiqatlar aparan əsas mərkəzə çevrilməsi, yenicə müstəqillik qazanmış ölkəmizdə aparıcı elmi idarələrdən biri kimi tanınmasında Ə.Abbasovun müstəsna xidmətləri olmuşdur. Onun tükənməz enerjisi, təşkilatçılıq qabiliyyəti, böyük nüfuzu sayəsində ölkəmizdə informasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi-nəzəri və texnoloji problemlərinin həlli məqsədlərinə xidmət edən yaradıcı, çevik, innovativ təfəkkürə malik alim və mütəxəssislərdən ibarət bir kollektiv yaranır.


Qeyd etmək lazımdır ki, AMEA İnformasiya Texnologiyaları İnstitutu da 2002-ci ildə həmin mərkəzin əsasında yaradılmış və bu gün də müvəffəqiyyətlə fəaliyyət göstərir. Yüksək təşkilatçılıq və məhsuldar elmi fəaliyyəti ilə fərqlənən Ə.Abbasov 2000-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru kimi məsul bir vəzifəyə təyin olunur. Rektor kimi fəaliyyəti dövründə o, burada bir sıra əhəmiyyətli islahatlar aparır, elm və təhsilin inteqrasiyasına, xüsusilə də, makroiqtisadi proseslərin modelləşdirilməsi və analizində informasiya texnologiyalarının, riyazi üsulların tətbiqinə böyük önəm verir. Onun rəhbərliyi altında müxtəlif ali təhsil müəssisələri, həmçinin dünyanın bir sıra universitetləri ilə müasir İKT-nin təhsil sistemində tətbiqinin aktual problemlərinə həsr olunmuş beynəlxalq səviyyəli elmi-praktiki toplantılar keçirilir.

Ölkədə ilk dəfə universitet tərəfindən internet mühitində distant tədris xidmətləri göstərilməyə başlanır. Ə.Abbasovun ADİU-nin uzun illər yığılıb qalmış problemlərinin həlli, bazar iqtisadiyyatına yönəlmiş təhsil sisteminin qurulması, müəllim-tələbə münasibətlərinin saflaşdırılmasına, universitetin daxili və xarici nüfuzunun yüksəldilməsinə istiqamətlənən siyasəti tez bir zamanda öz müsbət nəticələrini verməyə başladı. İqtisad Universitetinin adı aparıcı ali təhsil müəssisələrinin sırasına daxil edildi. Ə.Abbasov informatika, telekommunikasiya və idarəetmə sahəsində yüksək elmi nailiyyətlər qazanmış bir alim kimi təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınmış mütəxəssisdir.


Çoxlu sayda beynəlxalq elmi konfrans və simpoziumların fəal iştirakçısı və məruzəçisi olmuş Ə.Abbasovun dəyərli ideyaları və mülahizələri dünya elmi ictimaiyyəti tərəfindən hər zaman maraqla qarşılanır. O, beynəlxalq və regional elmi-texniki və İKT layihələrində də yaxından iştirak etmişdir. TUBİTAK (Türkiyə) DOPROG Proqramının, SOROS Fondunun Computer Networking Proqramının, NATO-nun elm proqramları üzrə aparılan elmi-texniki işlərin koordinatoru, Transavropa elm və təhsil kompyuter şəbəkələrinin assosiasiyasının (TERENA) üzvü olmuş, informatika üzrə UNESCO-nun eksperti seçilmişdir.


Ə.Abbasov 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının, 2000-ci ildən isə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvüdür. Kembric Bioqrafiya Mərkəzi 1991-1992 və 1995-1996-cı illərdə Ə.Abbasovu elm və texnologiya üzrə "İlin beynəlxalq adamı" və "Müvəffəqiyyətli adam" elan etmişdir. Gərgin elmi-təşkilati fəaliyyətlə məşğul olmasına baxmayaraq Ə.Abbasov ali təhsil sistemində İKT üzrə gənc mütəxəssislərin hazırlanmasına da böyük dəstək vermiş, dinamik inkişaf edən müasir texnologiyalar üzrə AzTU və ADİU-da mühazirələr oxumuşdur. Həmçinin İqtisad Universitetində onun təşəbbüsü ilə "İnformasiya iqtisadiyyatı" kafedrası yaradılmışdır.

Hazırda Ə.Abbasov həmin kafedraya rəhbərlik edir və biliklərə əsaslanan iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə kadrlar hazırlayır. Əli Abbasov elmi kadrların hazırlanması və ekspertizası sahəsində səmərəli fəaliyyət göstərir. O, bir sıra ali məktəblərin və elmi-tədqiqat institutlarının nəzdində fəaliyyət göstərən dissertasiya şuralarının sədri olmuş, həmçinin beynəlxalq səviyyəli elmi jurnalların redaksiya heyətlərinin üzvüdür. Bu gün elmi məqalələrin beynəlxalq bazalara daxil edilmiş jurnallarda dərci mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir.

Ə.Abbasov Tomson Reyters reyestrinə daxil edilmiş ilk Azərbaycan dərgisi olan "Applied and Computational Mathematics" elmi jurnalının baş redaktorlarından biri kimi ölkədə aparılan araşdırmaların qiymətləndirilməsi, onların dünyanın intellektual cəmiyyətlərinə tanıdılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilən alim uzun illər gərgin və məhsuldar fəaliyyəti nəticəsində sözün əsl mənasında, nüfuzlu bir elmi məktəb yaratmışdır. Bu məktəbin yetirmələri hazırda İKT problemlərinin həlli və elmi-nəzəri əsaslarının inkişafına, cəmiyyətin informasiyalaşdırılması prosesinə önəmli töhfələr verir, müxtəlif qurumlarda, həmçinin ölkə hüdudlarından kənarda peşəkar fəaliyyət göstərirlər.

Ə.Abbasov tələbələrinin müstəqil fikirlərinə hörmətlə yanaşan onları ruhlandıran, nailiyyətlərinə ürəkdən sevinən, bir sözlə, qəlbi geniş olan alimlərdən biridir. Görkəmli alimin rəhbərliyi altında 8 elmlər doktoru, 15 fəlsəfə doktoru müdafiə etmişdir. O, həmçinin 200-ə yaxın elmi məqalənin, monoqrafiya, dərslik və digər əsərlərin müəllifidir. Əli Abbasov ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edir. O, 2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin, o cümlədən 2001-ci ildən Avropa Şurası Parlament Assambleyasının üzvü olmuşdur.


Millət vəkili olduğu illərdə Ə.Abbasov yüksək bacarıq, təcrübə, zəngin dünyagörüşü və təşəbbüskarlıq nümayiş etdirərək seçicilərinin problemlərinə yüksək qayğı və diqqətlə yanaşmışdır. Ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün möhkəmləndirilməsi, demokratik prinsiplər əsasında formalaşan hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmişdir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da gücləndirilməsinə xidmət edən tədbirlərin fəal iştirakçısı olmuş, bir sıra xarici ölkələrdə Azərbaycan reallıqlarını dünyaya tanıtmaq üçün əlindən gələni əsirgəməmişdir.

Ölkəmiz üçün taleyüklü məsələlərin həllində yaxından iştirak etmişdir. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə rabitə və informasiya texnologiyaları naziri təyin olunan Ə.Abbasov bu günədək həmin vəzifədə çalışır.

Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının təbii sərvətlərdən yüksək texnologiyalara, elm və təhsilə söykənən biliklər iqtisadiyyatına transformasiya olunması siyasətinin həyata keçirilməsində İKT-nin rolu və bu sahənin inkişafına dövlət başçısı tərəfindən qoyulan tələbatı düzgün qiymətləndirərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ardıcıl işlər həyata keçirir. İnformasiya cəmiyyəti ideyalarının müvəffəqiyyətlə reallaşdırılmasında Ə.Abbasovun bir nazir kimi böyük xidmətləri vardır. O, sosial-iqtisadi proseslərin informasiyalaşdırılması, İKT-nin tətbiqi ilə cəmiyyətin idarə olunması, qərarların qəbulu texnologiyaları istiqamətində çox geniş fəaliyyət göstərir.

Onun rəhbərliyi ilə bu sahənin müasir tələblərə uyğun dinamik və dayanıqlı inkişafı, bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatın formalaşması, ölkəmizin tranzit rabitə dəhlizi imkanlarının inkişaf etdirilməsi, milli peykin orbitə buraxılması, İT texnoparkların yaradılması və s. istiqamətlərdə mühüm addımlar atılmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin səmərəli fəaliyyəti nəticəsində ölkəmizdə e-dövlət prinsiplərinin həyata keçirilməsi və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə səviyyəsinin artırılması yönümündə mühüm işlər görülmüşdür.

Ölkədə İKT xidmətlərinin həm keyfiyyəti artırılmış, həm də əhatə dairəsi genişləndirilmişdir. Genişzolaqlı İnternet xidmətləri inkişaf etdirilmiş, e-hökumət və e-imzanın tətbiqi sahəsində vacib addımlar atılmışdır. Bu işlərin yüksək səviyyədə həyata keçirilməsində Ə.Abbasovun tükənməz enerjisi, yüksək təşkilatçılıq bacarığı mühüm rol oynayır. Dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsində genişmiqyaslı uğurlu beynəlxalq münasibətlərin qurulması, ölkəmizin yüksək informasiya texnologiyaları sektorunun imkan və perspektivlərinin nəinki regionda, həmçinin dünyanın aparıcı ölkələrində və beynəlxalq təşkilatlarda geniş təbliği Ə.Abbasovun məqsədyönlü fəaliyyətinin tərkib hissəsidir.

İKT infrastrukturunun inkişafına xidmət edən dövlət proqramları, irimiqyaslı layihələrin müvəffəqiyyətlə reallaşdırılması Azərbaycanın bu gün regionda İKT sahəsində lider dövlətə çevrilməsinə rəvac vermişdir. Bir nazir kimi dövlət və cəmiyyət qarşısında məsul vəzifə daşımasına və gərgin iş rejiminə baxmayaraq, Əli müəllim yenə də həmin gənclik enerjisi ilə informasiya texnologiyaları sahəsində mövcud olan aktual elmi-praktiki problemləri daim gündəmə gətirir, beynəlxalq səviyyəli konfranslar təşkil edir, gənc nəslin təhsilinə və alim kimi formalaşmasına böyük qayğı göstərir, dünyanın aparıcı elmi mərkəzləri tərəfindən hörmətlə qarşılanan nəzəri yanaşmalar və baxışlar təklif edir.

Təsadüfi deyildir ki, məşhur alim, professor Lütfi Zadə akademik Ə.Abbasovun elmi fəaliyyətinə yüksək qiymət vermiş, onların arasında çox səmimi dostluq və əməkdaşlıq münasibətləri yaranmışdır. Əli müəllim bu gün də Azərbaycanda informasiya texnologiyaları üzrə aktual elmi problemlərin müəyyənləşməsi və həyata keçirilməsində yaxından iştirak edir, eyni zamanda, AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri kimi gənc alimlərə elmi işlərində dəstək verir.


Ə.Abbasov yüksək mənəvi keyfiyyətlərə malik olan bir insan kimi intellektual potensialı, əməksevərliyi, vətənpərvərliyi ilə fərqlənən şəxsiyyətlərdəndir. Bu keyfiyyətləri nəticəsində o, həmkarları, alim yoldaşları arasında, ümumiyyətlə, cəmiyyətdə böyük hörmət qazanıb. Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, gözəl ailə başçısı olan Ə.Abbasov çox mehriban, qayğıkeş, ünsiyyətcil, dərin intuisiyaya, ən başlıcası, yüksək mənəviyyata malik bir şəxsiyyətdir. Bu 60 ili Əli müəllim şərəflə yaşamış, vətənə, xalqa, elmə ləyaqətlə xidmət etmişdir. Təbiətcə son dərəcə təvazökar, həm də tələbkar şəxsiyyət olan akademik Ə.Abbasov özünün şərəfli əmək və elmi bioqrafiyası ilə gənclərimizə örnəkdir.
Mahmud Kərimov,
AMEA-nın prezidenti,

akademik Rasim Əliquliyev,
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü
Xəbər Lenti Giriş Populyar Reklam