“FaceApp”: sizi “qocaldan” proqram təhlükəlidir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “FaceApp”: sizi “qocaldan” proqram təhlükəlidir

“FaceApp”: sizi “qocaldan” proqram təhlükəlidir

Müəllif: cavidan
//
18 Temmuz 2019
//
//

“FaceApp”: sizi “qocaldan” proqram təhlükəlidir

Şəkilləri "qocaldan" "FaceApp" mobil proqramı bu günlərdə sosial şəbəkələrdə çox populyardır. Bu proqram istifadəçilərə yaşlananda necə olacaqlarını görmək imkan verir.

Bu, 2017-ci ildə yaradılmış proqramın yeni funksiyasıdır.

Daha əvvəl "FaceApp" istifadəçilərə rəngarəng və müxtəlif saç kəsimlərini "sınaqdan keçirmək" və ya özlərinin əks cins variantlarına baxmaq fürsəti yaradırdı.

Neyron şəbəkələr bazasında çalışan bu proqramı Rusiyanın "Wireless Lab" şirkəti hazırlayıb. Şirkətin rəhbəri Yaroslav Qonçarov əvvəllər "Yandeks"də çalışıb.

İnternetin Ukrayna seqmentindəki bəzi istifadəçilərdə şəxsi məlumatların qorunmasıyla bağlı narahatlıq yaranıb.

"FaceApp" proqramı təhlükəlidirmi? BBC-nin Ukrayna xidməti rəqəmsal təhlükəsiz haqda ekspertlərin rəyini öyrənib.

Proqram necə işləyir?

Proqramın əsasını neyroşəbəkə təşkil edir. O, gənc və yaşlı insanlara aid milyonlarla şəklə "baxaraq" onların bir-birindən nəylə fərqləndiyini müəyyənləşdirib. "İnternyus-Ukrayna" təşkilatının nəzdindəki DSS380 Rəqəmsal Təhlükəsizlik Məktəbinin eksperti Pavel Belousov BBC-nin Ukrayna xidmətinə açıqlamasında bildirib ki, proqram həmin fəqrlərə əsasən insanların şəklinə qırışlar və ağ saçlar əlavə etməyi öyrənib:

"Çox real görüntülər yaranır, populyarlığın səbəbi budur. Proqram insanları əyləndirir, qocalıqda necə görünəcəklərini bilmək fürsəti yaradır. Ona görə də milyonlarla insanı əhatə edən böyük auditoriyanı cəlb edib".

Hazırda "FaceApp" həm "AppStore"-da, həm də "Google Play"-də ən populyar proqramlardan biridir. Təkcə "GooglePlay"-də proqramı 50 milyondan çox istifadəçi yükləyib.

"FaceApp" hansı məlumatları toplayır?

Proqramı yükləyənlər "FaceApp"-ın istifadəçi sazişinin şərtlərini qəbul etmiş olurlar. Bu şərtlər sayəsində proqram təkcə sizin şəklinizi yox, sizə aid məlumatları da əldə edir.

"Rəqəmsal təhlükəsizlik laboratoriyası"nın rəhbəri İrina Çulivskaya deyir ki, "Proqrama "Facebook" profilindən daxil olanlardan profildəki açıq informasiyaya, email ünvanına, paylaşım dairəsindən asılı olmayaraq bütün şəkillərə əlçatanlıq istənir. Smartfonlara yüklənən zamansa proqram ordakı bütün şəkillərə, hətta heç vaxt paylaşılmayanlara belə giriş əldə edir".

Proqrama "Facebook"-dan daxil olanda o, sizin soaial şəbəkədəki bütün şəkillərinizə giriş əldə edir, hətta açıq paylaşım etmədiklərinizə də.

"Bundan başqa, "FaceApp"-ın məxfilik siyasətində bildirilir ki, onlar sizin hansı xidmətlərdən istifadə etməniz, proqrama hansı cihaz vasitəsilə daxil olmanız, hansı saytları oxumanız və brauzerdəki bəzi başqa informasiyalar haqda məlumat toplayacaqlar" - Çulivskaya belə deyir.

Məlumatlardan necə istifadə olunur?

Məlumatların bu şəkildə toplanmasında əlahiddə bir şey varmı?

Çulivskaya bildirir ki, "Əslində, eyni informasiyaları "Facebook" da, müxtəlif messencerlər də, hətta şəkilləri redaktə proqramları da toplayırlar".

Ekspert həmçinin qeyd edir ki, "Bu cür proqramlardan istifadə etməyin haqqını siz öz şəxsi məlumatlarınızla ödəyirsiz. Məlumatlardan istifadəçiləri araşdırmaq və onlara uyğun xidmət və reklamlar təqdim etmək üçün istifadə olunur".

"Proqram onun yükləndiyi cihazlar vasitəsilə məlumat toplayır. Və təbii ki, istifadəçini üzdən tanıyır, onun İP ünvanını və yüklədiyi digər proqlamları bilir, yəni özü üçün həmin istifadəçinin profilini formalaşdırır" - Pavel Belousov belə deyir.

Daha əvvəl bu proqram vasitəsilə müxtəlif rəngli və biçimli saç düzümlərini "yoxlamaq" olurdu

İstifadəçilərin böyük auditoriyası bu proqrama geniş həcmdə informasiya toplamağa imkan verir.

Ekspert deyir ki, "Bu, detallı şəkildə və incəliklərinə qədər strukturlaşdırılmış nəhəng informasiya bazasıdır. Məlumatları reklam verənlərə ötürməklə qazanc əldə etmək, ya da onlardan öz məqsədləri üçün istifadə etmək olar".

Belousov əlavə edir ki, məlumatlardan necə istifadə edildiyini öyrənmək və ya buna hansısa şəkildə təsir etmək qeyri-mümkündür:

"Öz gizlilik siyasətində "FaceApp" bildirir ki, məlumatlarınızın təhlükəsizliyinə təminat vermir".

Beləliklə, sizə aid informasiyaların başına nə gələcəyini, onların kimin əlinə keçə biləcəyini yalnız proqramın yaradıcıları bilir.

Bundan başqa, proqramı hazırlayan şirkətin satılması zamanı da təminat problemi yaranır - proqram vasitəsilə toplanmış məlumatlar yeni sahiblərə verilə bilər.

Təhlükə nədədir?

Rəqəmsal təhlükəsizlik üzrə ekspertlər deyilər ki, sizə aid məlumatların başına nə gələcəyini, onlara daha kimlərin giriş əldə edəcəyini heç kim bilmir

Ekspertlər deyirlər ki, proqramın yaradıcıları rusiyalı olduqları üçün ona ehtiyatla yanaşmaq lazımdır.

İrina Çulivskaya "FaceApp"-ın rusiyalılara məxsus "Wireless Lab" şirkəti tərəfindən hazırlanmasına diqqət çəkir: "Şirkətin hüquqi ünvanı da Rusiyadadır və deməli, onlar bu ölkənin qanunvericiliyi çərçivəsində fəaliyyət göstərirlər. Ölkənin hüquq-mühafizə orqanları orda toplanan məlumatlara giriş əldə edə bilərlər".

"Hesab edirsinizsə ki, Rusiyanın xüsusi xidmət orqanları məqsədyönlü şəkildə sizi izləyə bilərlər, ya da sizə aid heç bir məlumatın Rusiyaya göndərilməsini prinsipial olaraq istəmirsizsə, belə xidmət və proqramlardan uzaq durmanız yaxşıdır".

Çulivskaya deyir ki, prezidentlərin, müdafiə nazirlərinin və təhlükəsizlik xidməti rəhbərlərinin öz qocalıqlarına baxmamaları məsləhətdir:

"İstifadəçilərin böyük əksəriyyəti üçünsə bu, problem olmaz".

Pavel Belousov xəbərdarlıq edir ki, şirkət Rusiya güc strukturlarının sorğusu müqabilində sizin məumatlarınızı onlara ötürə bilər. O deyir ki, belə hallar bəzən hətta rəsmi sorğu olmadan da baş verir:

"Bunun 100% belə olacağını iddia etmək olmaz. Ola bilsin ki, məlumatlarınızın başına pis iş gəlməyəcək. İstənilən halda, mən bu proqrama etibar etməzdim".

Özünüzü necə qoruya bilərsiz?

Çulivsakaya istifadəçilərə məsləhət görür ki, ancaq özlərinə lazım olan proqramları yükləsinlər:

"Kompüterinizə və ya smartfonunuza yüklədiyiniz proqramlara, o cümlədən, brauzerdəki genişləndirmələrə nəzər salın, istifadə etmədiyiniz və ya çox da lazım olmayan proqramları silin".

DSS380 Rəqəmsal Təhlükəsizlik Məktəbinin eksperti bir də bunu məsləhət görür: "FaceApp"ı mütləq yükləmək istəyirsizsə, qoy, bu, istifadə etdiyiniz əsas cihaz olmasın".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam