Döyülən, söyülən kişilər... - Ötən il 300-dən çox kişi zorakılığa məruz qalıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Döyülən, söyülən kişilər... - Ötən il 300-dən çox kişi zorakılığa məruz qalıb

Döyülən, söyülən kişilər... - Ötən il 300-dən çox kişi zorakılığa məruz qalıb

Müəllif: cavidan
//
14 May 2019
//
//

Döyülən, söyülən kişilər... - Ötən il 300-dən çox kişi zorakılığa məruz qalıb
Son zamanlar “kişilərə qarşı məişət zorakılığı” ifadəsi ilə tez-tez rastlaşırıq.

Məişət zorakılığına qadınlarla yanaşı, kişilər də məruz qalır. Hətta ailədəki təzyiqlərə və söz-söhbətlərə dözə bilməyib, intihar edən kişilər də az deyil.

Maraqlıdır, kişilərin məişət zorakılığına məruz qalmasının səbəbi nədir?

Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov Redaktor.az-a açıqlamasında bildirib ki, ölkəmizdə məişət zorakılığına qarşı qanun bazası var:

“Məişət zorakılığı əsasən ailə-məişət zəminində baş verir. 2010-cu ildə məişət zorakılığının qarşısının alınması barədə qanun qəbul olunub. Qanunun əsas məqsədi məişət zorakılığı zəminində baş verən hadisələrin qarşısını almaqdır. Eyni zamanda, bu qanunda zorakılıq zamanı zərərçəkən şəxsin sosial mühafizəsini təmin etmək əsas götürülüb. Ümumilikdə məişət zorakılığının cinayət xarakterli olan və cinayət xarakterli olmayan halları var. Cinayət xarakterli əmələ yol verilibsə, zərərə uyğun müvafiq cəzalar tətbiq olunur.



Məişət zorakılığına məruz qalan şəxslər üçün mühafizə ordeni var

Mühafizə ordeni - məişət zorakılığı törətmiş şəxsin zorakılıq tətbiq etdiyi fiziki şəxsə qarşı törədə biləcəyi maneələrin qarşısını alan məhkəmə aktıdır. Mühafizə ordeni qısa və ya uzunmüddətli verilə bilər. Qısamüddətli mühafizə ordeni 30 günlükdür. Uzunmüddətli mühafizə ordeni isə 30 gündən 180 günə qədər şamil olunur. Mühafizə ordeni olan şəxsin təhlükəsizliyi təmin edilir. Zorakılıq tətbiq edən insanın həmin şəxsə yaxınlaşmasına və ya əlaqə qurmasına şərait yaradılmır. Yetkinlik yaşına çatmayan uşaqlar isə müvafiq sığınacaqlara yerləşdirilir".

Hüquqşünas onu da vurğulayıb ki, məişət zorakılığı ilə məhkəməyə müraciət edən kişilər olub. Onlar əsasən döyülmə, söyülmə, əzab verilməsi və s. hallardan şikayət ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti Rahil Süleymanzadə açıqlamasında bildirib ki, məişət zorakılığının artmasına bir sıra səbəblər təsir edir:

“Məişət zorakılığı fonunda qəsdən adamöldürmə, adamöldürməyə cəhd, özünü öldürmək həddinə çatmaq və s. kimi hallar yaşanır. Bu neqativ halın qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir. Məişət zorakılığının 9.2% yetkinlik yaşına çatmayan uşaqlara, 3.2% yaşlı insanlara, 1.1% isə 25-45 yaşarası kişilərə qarşı törədilib”.

Qurum rəsmisi bildirib ki, məişət zorakılığının qarşısının alınması üçün müxtəlif tədbirlər həyata keçirilir:

“2000-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Məişət zorakılığının qarşısının alınması üçün haqqında” qanun qəbul olunmuşdu. 2011-2012-ci illərdə isə qanunun icra mexanizmləri Nazirlər Kabineti tərəfindən qəbul olunmuşdu. Həmin qanunun tətbiqi indiyə qədər icra olunur. 2015-ci ildə yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradıldı. Hər bir rayonda yaradılmış monitorinq qrupunun iclaslarında komitənin nümayəndələri də iştirak edir və baş verən zorakılıq hallarına qarşı birbaşa reaksiya verilir.

Məişət zorakılığına məruz qalan insanlar ciddi nəzarətə götürülür

Şəxs gender əsaslı zorakılığa məruz qalırsa, həmin şəxs sığınacaqlarda yerləşdirilir və dərhal mühafizə ordeni ilə təmin edilir. Məişət zorakılığı ilə bağlı müraciət edən şəxs xəsarət alıbsa, ilkin olaraq Səhiyyə Nazirliyinə müraciət olunur. Daha sonra həmin şəxsin sosial vəziyyəti ilə bağlı araşdırmalar aparılır. Ehityac varsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunur. Eyni zamanda, baş vermiş hadisə ilə bağlı lazımlı tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əlaqə saxlanılır. Həmçinin, şəxsin mənəvi və psixoloji vəziyyəti tam yaxşılaşana kimi sosial iş aparılır. Şəxs ərazi polis şöbəsində profilaktik qeydiyyata götürülür və daim nəzarətdə saxlanılır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən ötən il 300-dən çox kişi məişət zorakılığına məruz qalıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam