Daha bir rayonda İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatı keçirilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Daha bir rayonda İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatı keçirilib

Daha bir rayonda İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatı keçirilib

Müəllif: 6574217
//
22 Aralık 2012
//
//

Masallı rayonunda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda tədbir keçirilib. “www.xeberleragentliyi.com” elektron xəbər xidmətinin İİN-ə istinadən verdiyi məlumata görə, tədbirdə Masallı və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və Lənkəran iqtisadi rayonda fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Nazirlikdə qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verildiyini vurğulayan Zaur Qasımov elektron xidmətlərin tətbiqinin modern və çevik idarəetmənin təmin edilməsində, şəffaflığın daha da artırılmasında, işin səmərəli təşkilində və vaxt itkisinin qarşısının alınmasında xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib.

Ümumiyyətlə, nazirlik tərəfindən 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir. Artıq sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini onlayn rejimində həyata keçirə və ya ödənişə dair təsdiqedici sənədləri elektron qaydada müvafiq sənədlərə əlavə edərək göndərə bilərlər.

Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da həyata keçirilir. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının onlayn rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb. Bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə vətəndaşların onlayn rejimində qəbula yazılmaları, onların müraciətlərinin onlayn rejimdə qəbulu və cavablandırılması, vətəndaşların nazirliyin məsul işçiləri ilə canlı video əlaqəsi, vətəndaşlarla onlayn rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), "www.icazeler.gov.az" icazələrin elektron informasiya portalı, "www.b2b.az" elektron ticarət portalı, sahibkarlıq subyektləri və vətəndaşlar üçün nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlərin göstərilməsi təşkil olunub.

Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov İqtisadi İnkişaf Nazirliyi tərəfindən Avropa İttifaqının "İqtisadi İnkişaf Nazirliyinə Dəstək" layihəsi ilə birgə Avropa İttifaqı bazarına Azərbaycandan ixracın asanlaşdırılması məqsədilə yaradılmış ixracata yardım Xidmət Mərkəzinin internet səhifəsi, bu səhifədən istifadə qaydaları, sahibkarların bu səhifədən istifadə edərək necə faydalana biləcəkləri və Avropa İttifaqının Ümumiləşdirilmiş İmtiyazlar Sistemi (GSP) barədə sahibkarları məlumatlandırıb.

Tədbirdə çıxış edən İstehlak Mallarının Ekspertizası Bürosunun əməkdaşı Elçin Məlikov malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə məlumat vermiş, elektron xidmətlərin xüsusi əhəmiyyətini vurğulayıb.

İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların, mənşə və keyfiyyət sertifikatlarının alınması, qrant müqavilələrinin qeydiyyatı və s. xidmətlərdən onlayn rejimində istifadə prosedurunu nümayiş etdiriblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbər Lenti Giriş Populyar Reklam