“Atam zirzəmidə məni ayağımdan zəncirləmişdi” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Atam zirzəmidə məni ayağımdan zəncirləmişdi”

“Atam zirzəmidə məni ayağımdan zəncirləmişdi”

Müəllif: Anar
//
22 dekabr 2012
//
//

“Atam zirzəmidə məni ayağımdan zəncirləmişdi”

Hər kəsin Rəmiş kimi tanıdığı tanınmış gitara ifaçısı Rafiq Hüseynov. 1944-cü ildə Ağdamın Gülablı kəndində anadan olub. Onun uşaqlıq illərinin necə keçdiyini biləndə heç bir ailəyə onun kimi uşaq arzulamırsan. Çünki uşaq yaşlarından pis vərdişlərə yiyələnib. Özünün dediyinə görə, olduqca dəcəl, dəymədüşər uşaq olub. 10 illik məktəbi cəmi 6 sinif oxuyan Rəmişin uşaqlığı ancaq davalarda keçib.

Onu xilas edən isə musiqi olub. Elə özü də, həyat yoldaşı Gülü xanım da deyir ki, Rəmiş danışmasın, yalnız ifa etsin. Rəmiş danışanda heç nəyin ağına-bozuna baxmır. İnsanlarla onun arasında pərdə yoxdur. Sözünü birbaşa deyir. Elə ona görə də Rəmişi musiqi istedadı xilas edib.

Çoxlarının sevimlisi olan gitara ifaçısı deyir ki, bütün musiqi alətlərində çalmağı bacarır. İlk olaraq, tar sinfində təhsil alan Rəmiş daha sonralar gitara ifa etməyə başlayıb. Məktəbdən qovulduqdan sonra isə günü toylarda keçib.

Rəmiş “ Uşaqlıq illərindən danışdı:

“Eyni ildə həm orta məktəbə, həm də musiqi məktəbinə getdim”

1950-ci ildə Ağdam rayon 1 nömrəli məktəbə getdim. Elə həmin il də Ağdam rayon musiqi məktəbində tar sinfində təhsil almağa başladım. Musiqi məktəbində məni ikinci sinfə götürdülər. Çünki yaxşı tar çalırdım. Əlipaşa Daşdəmirov da bizim müdirimiz idi. Beləcə, məktəblə yanaşı, musiqiyə də gedirdim. Düzünü deyim ki, musiqini dərs kimi öyrənməyə marağım yox idi. Ona görə ki, özüm bilirdim hər şeyi .Yanımda bircə dəfə hansısa musiqini çalan kimi yadımda qalırdı və mən onu təkrar edirdim.

“Müəlliməmin siqaretini oğurlamışdım”

Birinci sinfi çox dumanlı xatırlayıram. Məktəbə atam aparmışdı məni. Çünki anam 60 yaşınacan heç bazara da çıxmayıb. Dədəm icazə vermirdi. Deyirdi ki, kişinin arvadı gərək çölə çıxmasın. Birinci sinif müəlliməm Zəhra xanım idi. Yaxşı yadımdadır. Onu “Kazbek” çəkən zamanı görmüşdüm. Çantasından birini oğurlayıb çəkmişdim.



“Dərsdə tütək çalıb qiymət alırdım”

Dərs oxumamışam. Kitab dəyməyib əlimə. Amma çox güclü yaddaşım var idi. Müəllim dərsi necə danışırdısa, elə də yadımda qalırdı. Sabah dərsə gələn kimi onu olduğu kimi danışırdım. Amma oxuyan uşaq olmamışam. Sadəcə olaraq, güclü zehinə malik idim. Bir də görürdün ki, dərsdə tütək çalırdım. Əvəzində isə müəllimə qiymət yazırdı.

“Meymunuma qızıl Quran medalyonu olan boyunbağı taxmışdım”

Ən sevdiyim fənlər tarix və coğrafiya idi. Bir şeyi də qeyd edim ki, mən daha çox Qarabağın tarixini bilirəm. Ümumi Azərbaycan tarixini də bilirəm. Amma Qarabağla daha çox maraqlanırdım. Tarixlə maraqlanmaq sevimli məşğuliyyətimə çevrilmişdi. Uşaq vaxtı sevdiyim məşğuliyyətlərdən biri də heyvanları əhliləşdirmək idi. O vaxtı meymunuma qızıl Quran medalyonu olan boyunbağı almışdım. Müsəlman deyilik? Hətta qızıl diş də düzəltdirmişdim. Dırnaqlarını da boyayırdıq.

“Cəmi 6 sinif...”

Mən orta məktəbdə cəmi 6 sinif oxudum. 7-ci sinfə yeni başlamışdım ki, məni qovdular.
Özümü yaxşı aparmadığım üçün müəllimlər çıxartdı. O zamanlar oğlanlar ayrı, qızlar ayrı siniflərdə dərs keçirdilər. Sonra isə birləşdirdilər. Elə mənim məktəbdən qovulmağıma səbəb bu birləşmə oldu. Çünki qızlara söz atırdım.

“Erməni qızları məni sevirdi...”

1958-ci ildən etibarən ilk dəfə toyda tar çalmışam. Yəni, məktəbdə oxusam, 8-ci sinifdə olardım. Həmin illərdən başlayaraq, mən toylara dəvət alırdım. El şənliklərində günümü keçirdim. Daha çox erməni toylarında olurdum. Dostlarımın əksəriyyəti erməni idi. Məni öz qızlarımızdan daha çox erməni qızları sevirdilər. Hətta bir dəfə həmin erməni qızı ilə Moskva toylarının birində qarşılaşdıq.

“Atam ayağımdan zəncirləyirdi”

Sinif yoldaşlarımın çoxu “bandit olub”. Yetim Oqtay var idi, Sonanın oğlu deyirdilər ona. Dostlarım belə adlarla tanınırdılar: Əkə, oğlu Vahid, Layışlar. Elə uşaqlığım deyəndə yadıma nələr düşür: qumar, xuliqanlıq, davalar, siqaret çəkmək...
Fərli-başlı bir uşaqlığım olmayıb. Evdə atamın seyfi var idi. Onun açarlarından biri məndə idi. İşə gedən kimi gedib açırdım. İstədiyim qədər də pul götürürdüm. Atamın silahı var idi. Ondan da istifadə edirdim. Hətta bir dəfə tüfəngini kəsib tapança etmişdim. Belə hərəkətlərimə görə ağır cəzalar alırdım. Məsələn, atam məni evin zirzəmisinə salaraq, ayağımdan zəncirləyirdi. Atam hərbi polkovnik olub. Rayonda hörmətli şəxslərdən sayılıb. Yaxşı yaşamışıq. Ona görə də toy pullarında gözüm olmayıb. Ailədə əvvəl iki idik, sonra üç, sonra dörd, sonra da beş olduq. Gördüm getdikcə sayımız artır, başımı götürüb qaçdım. Dörd qardaş bir bacı olmuşuq. Mən atamı birbaşa adı ilə çağırırdım, Hüseyn deyirdim.

“Müəllimənin stuluna mürəkkəb tökdüm”

Neçənci sinifdə oxuduğumu unutmuşam. Amma yadımdadır ki, yenə şuluqluq salmışdım. Lyudmila adlı müəlliməm var idi. Gəlib, saçlarımdan dartdı. Mən də mənə edilən hücumu cavabsız qoymazdım. Bir hərəkətə ikisi ilə cavab verirdim. Müəllimə ağ ətək geyinmişdi. Oturduğu stulun üstünə mürəkkəb tökdüm. Müəllimə oturanda ətəyinə iri bir ləkə düşmüşdü. Sonra da xəbərsiz çıxıb lövhədə yazı yazırdı. Uşaqlar gülüşürdülər.

“Gitara çalmazdan əvvəl Rəmiş idim...”

Anamın bir əmisi var idi. Osetiyadan idilər. O da tar çalan olub. Balaca vaxtından onlarda qalırdım. Atamla çox yaxın idilər. Rəmiş mənim babamın adıdır. Elə uşaqlıqdan o kişi mənə Rəmiş dedi. Sonra da hamı məni elə çağırdı. Rafiq deyən yox idi. Mən gitara çalandan sonra Rəmiş olmamışam. Uşaq vaxtından Rəmiş deyilib mənə.

“Kürəyimin eni bir metr idi”

Məktəb illəri vaxtı idi. Layış İnqilab adlı bir dostum vardı. Onunla düz bir saat əlbəyaxa davada olmuşuq. Bilmirəm nəyə görə dava etmişdik. Amma çox pis dalaşmışdıq. Uşaq vaxtı mənim kürəyimin eni bir metr idi. Elə anadangəlmə idmançı doğulmuşam. Dostlarım deyirdi ki, biz səni kimi “salto” vuran görməmişik. Məni heç bir müəllim öyrətməyib. Nə idmanda, nə musiqidə. Hamısını özüm öyrənmişəm. Məşqsiz-filansız. O zaman Ağdamda davakar olmasan, işin keçmirdi.

“Xan əminin yanında böyümüşəm...”

Uşaqlıq dövrünü özüm üçün şanslı hesab edirəm. Çünki korifey sənətkarların yanında böyümüşəm. Sara Qədimova, Şövkət Ələkbərova, Fatma Mehrəliyeva və digərləri Ağdama toya, yaxud qastrol səfərinə gəlirdilər. O zaman onlar bizim evimizdə qalırdılar. Bizim kişi onlar üçün quzu kəsərdi. Atam musiqiçilərin azarkeşi olub. Elə uşaqlığım Xan əmi ilə bir yerdə keçib. Demək olar ki, hər gün bir yerdə olmuşuq.

“Toy bitəndən sonra hinduşkaları oğurladıq”

Yadıma bir əhvalat düşdü. Bir dəfə Ağdamda toyda idik. Bir dostum vardı. Gəlib mənə dedi ki, ev yiyəsinin hinində hinduşkalar var. Elə “Volqa”nın arxasını verdik hinin qabağına. Mən dərhal işığı söndürdüm. 9 hinduşkanın başını üzüb, yığdıq maşına. Həmin gün toydan yaxşı pul da yığmışdıq. Pulları stolun üstünə töküb bölüşdürürdük. Birdən Xan əmi gəldi. Mənə Abdal oğlu deyirdi. Dedi, Abdal oğlu ondan bir pay xana. Dedim, Xan əmi bu pulların hamısı sənə qurbandır. Götürdüm tən yarısını ona verdim. Çıxdıq gəldik. O zaman yaxşı kişilər var idi. Hərəsi bir toya 20-30 quzu ilə gəlirdilər. Mən həmin kişilərin dövründə yaşamışam.

“O qızı mənə göstərsələr, min manat verəcəyəm”

Mənim bir sevgilim də var idi. Adı Natəvan idi. Mən onu sevirdim. Sonra gəlib dedi ki, ailə qurur. Çıxıb getdi. Ondan sonra heç görmədim. İndi kim o xanımı mənə göstərsə, min manat verərəm.

“Erməni qızın evində qalırdım”

Uşaq vaxtında xoşladığım qızlar olurdu. Amma ən sevdiyim qız Ramella adlı erməni qızı idi. Çox gözəl idi. Demək olar ki, Ağdamda ən gözəl qız hesab olunurdu. Məni yaman sevirdi. Deyirdi ki, səndən ayrı nəfəs ala bilmirəm. Hətta arada gedib onlarda qalırdım. Atam bunu eşidəndə çox əsəbiləşdi. Məni evdən qovdu. Dedi ki, erməni qızı almayacaqsan. Ondan sonra sevgi soyumağa başladı. Ümumiyyətlə, mən bir şeyi əlavə edim. Mən özüm qız sevməyə cəhd etməmişəm. Həmişə məni seviblər. Özləri məni seçirdilər.

Bu yerdə Rəmişin həyat yoldaşı Gülü xanım deyir: “Rəmiş sevgini başa düşmür. O, sevgiyə qarşılıq vermir. Elə o vaxtdan qızlar özləri ona təklif edirdilər. Əvvəllər çox utancaq idi. İndi dil açıb. Məni bağçaya Rəmiş aparıb gətirirdi. Rəmişin məktəbi bitirmək vaxtında mən birinci sinfə getdim. Rəhmətlik atam Rəmişə tar dərsi keçirdi. O vaxtdan çox istəyirdim Rəmişi. Bir dəfə məni bağçadan götürməyə başqa adam gəlmişdi. Ağladım ki, yalnız Rəmiş gəlsə, gedəcəyəm. Atam buna görə acıqlanmışdı. Rəmişin ailə qurduğunu eşidəndə çox ağlamışdım. Evimizin yanında məscid var idi. Getdim orada ağladım. Hamı deyirdi ki, niyə ağlayırsan. Amma səbəbini tapa bilmirdim. Durmadan ağlayırdım”.

Rəmiş əlavə edir: “7-ci sinifdə oxuyanda 9 min manata “Moskviç” almışdım. Saçlarım da uzun idi. O zaman hamıdan fərqli, seçilən görkəmim vardı. Ona görə də hamı dərdimdən ölürdü”.

“Zamanı saxlamaq olmur...”

Uşaq vaxtı hansı peşənin sahibi olacağımı heç düşünmürdüm. Çünki buna vaxtım belə olmurdu. Yaxşı tar çalırdım və bununla məşğul olurdum. Musiqi məktəbinə də daimi olaraq getmirdim. Sadəcə olaraq, qızlarla söhbət edə-edə, oğlanlarla dalaşaraq vaxt keçirmişəm. Gələcəkdə nə ilə məşğul olacağımı heç fikirləşmirdim. Sonra da hər gün toylarda oldum. Bakıya əsgərlikdən sonra gəldim. Həyatımın əsas hissəsi Bakıya gələndən sonra başladı.

Beləcə uşaqlığım gəlib keçdi. Darıxıram o günlər, o yerlər üçün. Amma baxıram, darıxsam da, xeyri yoxdur. Gedən zamanı saxlamaq olmur.

Gülü xanım əlavə edir: “Evimizə təzə köçəndə xalça almaq istəyirdik. Rəmiş heç bir xalçanı bəyənmədi. Dedi ki, uşaq vaxtı hansı xalçanın üstündə iməkləmişəm, ondan tapsam alacağam, olmasa da lazım deyil. Biz nə qədər axtardıq tapmadıq. O, elinə, obasına bağlı adamdır”.
Xəbər Lenti Giriş Populyar Reklam