Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL

Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL

Müəllif: cavidan
//
02 Nisan 2019
//
//

Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL



Yusif Yusibov: “600 bal toplayan abituriyentlər GDU-nu seçirsə, deməli, universitetimiz müsbət dinamika ilə inkişaf edir”


Gəncə Dövlət Universiteti (GDU) 80 illik yubileyini qeyd edir. Azərbaycan təhsil tarixində xüsusi yeri olan universitet ölkəmizdə pedaqoji kadrlar hazırlayan ali təhsil müəssisələrindən biridir. 1938-ci ildə yaradılan universitet bu illər ərzində böyük inkişaf yolu keçib. Qərb bölgəsinin ən böyük ali təhsil ocaqlarından hesab edilən GDU nəinki ölkəmizdə, həmçinin Gürcüstanda Azərbaycandilli məktəblər üçün yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayıb. 2000-ci ilə qədər Gəncə Dövlət Pedaqoji İnstitutu adlanan təhsil ocağı artıq 20 ilə yaxındır ki, Gəncə Dövlət Universiteti statusu ilə fəaliyyət göstərir. Yubiley ilində universitetin keçdiyi tarixi yola, təhsil ocağının bu günü və gələcəyinə nəzər salmaq məqsədilə GDU-nun rektoru, professor Yusif Yusibovla görüşüb söhbətləşdik.



- Yusif müəllim, 80 yaşını qeyd edən GDU-nun Azərbaycan təhsilindəki rolu nədən ibarətdir?



- GDU fəaliyyət göstərdiyi müddətdə yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynayıb. Universitetin çoxsaylı məzunları bu gün də respublikamızın dövlət və idarəetmə orqanlarında, müxtəlif ali və orta ixtisas təhsili müəssisələrində, həmçinin elmi-tədqiqat institutlarında əmək fəaliyyəti ilə məşğuldurlar. Sovetlər Birliyi dövründən bu günə qədər ölkəmizdə pedaqoji kadr hazırlayan universitetimiz bu illər ərzində orta ümumtəhsil müəssisələrinin kadr təminatına öz dəyərli töhfəsini verib.



- Ölkəmizdə pedaqoji kadr hazırlayan bir neçə ali təhsil müəssisəsi mövcuddur. Sizcə, GDU-nu bu müəssisələrdən fərqləndirən cəhətlər hansılardır?



- Məncə, GDU-nu pedaqoji kadr hazırlayan digər ali təhsil müəssisələrindən fərqləndirən əsas cəhətlər pedaqoji kadrlarla yanaşı, digər ixtisaslar üzrə də mütəxəssis hazırlığının aparılması, məzunlarımızın əksəriyyətinin əmək bazarında asanlıqla özlərinə iş tapması, hər tədris ili üçün nəzərdə tutulan tələbə qəbulu planının yerinə yetirilməsi üzrə respublikada ən yüksək göstərici əldə etmiş universitetlər sırasında dayanması, həmçinin Qərb bölgəsi üzrə yeganə pedaqoji kadr hazırlayan ali təhsil müəssisəsi olmasıdır.



- Qəbul imtahanlarında 600-dən çox bal toplayan 14 nəfər GDU-nu seçib. Bu nə ilə bağlıdır? Ötən illərdə bu göstərici necə olub?



- Düşünürəm ki, bunun əsas səbəbi universitetin günü-gündən artan nüfuzu, güclü maddi-texniki bazamızın olması, kadr potensialı, məzunların hər il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək göstəricilər əldə edərək işlə təmin olunması və digər amillərdir. Bundan başqa, universitet qəbulla bağlı maarifləndirici təbliğat-təşviqat işləri də aparır. Əməkdaşlarımız həm Gəncədə, həm də ətraf rayonlarda müəssisəmizin təbliğatı ilə məşğuldur. Günün tələblərinə uyğun marketinq araşdırmaları aparılır və bu da abituriyentlərin GDU-ya olan marağını artırır. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, əgər bu gün 600 bal toplayan abituriyentlər GDU-nu seçirsə, deməli, universitetimiz müsbət dinamika ilə inkişaf edir. Bu gün bizim qarşımızda duran əsas məsələlərdən biri də yüksək bal toplayan tələbələrin universitetimizə marağını daha artırmaqdır.



- Pedaqoji kadr hazırlayan bir universitet kimi orta məktəblərdə keçirilən tədris proqramları, yəni standartlar ilə universitetin tədris proqramları arasında bir vəhdət varmı? Yeni təlim metodları, kurikulumla bağlı tələbələr məlumatlandırılırmı?



- Fikrimcə, çox vacib və aktual məsələyə toxunursunuz. Bu gün biz və bizim kimi pedaqoji kadr hazırlayan universitetlər bu məsələyə xüsusi önəm verməliyik. Axı, məzunlarımız nəticədə orta məktəblərdə çalışacaqlar. GDU-da bu istiqamətdə ciddi işlər görülür. Məsələ Elmi Şuranın iclaslarında həmişə gündəmdədir. Deyə bilərəm ki, universitetimizdə tələbələrin fəallığını artıran təlimin yeni forma və texnologiyalarından istifadə edilir. Təlim prosesində tələbə və müəllim əməkdaşlığının yaradılmasına xüsusi diqqət ayrılır, yeni metod və vasitələrdən istifadə olunur. İxtisas üzrə fənnin tədrisi metodikası dərsində kurikulumla bağlı mövzular tədris edilir. Universitet məzunları ali məktəbi bitirəndə artıq bu barədə xeyli məlumatlı olurlar. Ona görə də məzunlarımız MİQ imtahanlarında uğur qazanırlar.



- Pedaqoji təcrübələrlə bağlı universitetdə hansı yeniliklər həyata keçirilir?



- Pedaqoji təcrübələr universitetimizin çox ciddi yanaşdığı məsələdir. Çünki biz nə qədər bilikli tələbə hazırlasaq da, həmin tələbə əgər bu bilikləri tədris prosesində tətbiq edə bilmirsə, bu zaman gördüyümüz işin səmərəsi olmaz. Ona görə də pedaqoji təcrübələr bizim daim diqqətimizdədir. Universitet üzrə pedaqoji təcrübələrin təşkili ixtisas kafedraları, fakültə dekanlıqları ilə birlikdə Təcrübə və Karyera Mərkəzi tərəfindən həyata keçirilir. Bütün ixtisaslar üzrə orta məktəblərdə tədris olunan fənlərə uyğun kurikulum əsasında fənlərin və saatların bölgüsü hazırlanır. Vaxtaşırı tələbələrin orta məktəblərdə sınaq dərsləri təşkil olunur. Biz çalışırıq ki, tələbələr pedaqoji təcrübədə olduqları zaman məktəbşünaslığı da dərindən öyrənsinlər, prosesin birbaşa iştirakçısı olsunlar. Axı, onlar müəllim işləməklə bərabər, həmçinin gələcəyin sinif rəhbəri, direktor müavini və digər rəhbər vəzifələrdə də çalışacaqlar.



- GDU ilə orta ümumtəhsil məktəblərinin əməkdaşlığı hansı formada qurulub? Universitetin baza məktəbi varmı?



- Gəncədə yerləşən bütün orta ümumi təhsil müəssisələri ilə universitet arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Biz hesab edirik ki, müəllimlərimiz və tələbələrimiz nə qədər çox məktəblərdə olursa, bu, ümumi işin xeyrinə təsir göstərir. Bu, məktəbdəki müəllim-şagird kollektivinə də müsbət təsir edir. Tez-tez universitetin professor-müəllim heyəti şagirdlər üçün mühazirələr oxuyur, ustad dərsləri keçirlər. Bu işdə professorların təcrübələrindən geniş istifadə olunur.



Baza məktəblərimizə gəldikdə isə onu deyə bilərəm ki, hazırda Gəncə şəhərində yerləşən 4 və 39 nömrəli tam orta məktəblər və 1 nömrəli uşaq bağçası universitetimizin baza müəssisələridir. Adını çəkdiyim təhsil müəssisələrinin hər birində xüsusi otaq var və bu otaqlar müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunub. Müasir təlim prosesini həyata keçirmək məqsədilə həmin otaqlarda kompüterlər, ağıllı lövhələr, proyektorlar quraşdırılıb, yüksək sürətli internetlə təmin edilib. Universitetin metodist müəllimləri bu otaqlardan istifadə edərək pedaqoji tədqiqatlar aparırlar. Həmçinin bu otaqlarda vaxtaşırı tələbələrin “açıq dərs”ləri təşkil olunur.



- Universitetdə müəllimlərin işə qəbulu hansı prinsiplər əsasında həyata keçirilir?



- Müəllimləri işə qəbul edərkən onların elmi araşdırmalarla məşğul olmaları, doktorantura təhsilləri və elmi dərəcələrinin olması əsas şərtlərimizdəndir. İşə qəbul olmaq arzusunda olan müəllimlərin mütləq sınaq dərsi təşkil olunur. Sınaq dərslərinin nəticələrinə uyğun olaraq onlarla əmək müqaviləsi bağlanır.Bundan başqa, müəllimlərin işə qəbulu zamanı yenilikçi gənclərə daha çox üstünlük veririk. Lakin bu prosesi həyata keçirərkən əsas məqsədimiz savadlı, bacarıqlı gənclərin universitetimizə cəlb olunmasıdır. Onu da deyə bilərəm ki, əgər universitetimizdə 2015-ci ildə 30 yaşına qədər olan gənc müəllimlərin sayı 20, 2016-cı ildə 25 nəfər idisə, bu il artıq 30 nəfər olub. Son 3 ildə gənc müəllimlərin sayında artım və orta yaş həddinin aşağı düşməsi müşahidə olunur.



- Bugünkü universitetlə 20 il bundan öncəki universiteti necə müqayisə edərdiniz? Bu illər ərzində nələr dəyişib?



- Müqayisəni biz iki istiqamətdə apara bilərik. Birincisi, universitetin maddi-texniki bazası, ikincisi isə təhsilin məzmunu, elmin inkişafı baxımından dəyərləndirə bilərik. 20 il bundan öncə ölkəmiz yeni müstəqillik qazanmışdı və ali təhsil müəssisələrinin maddi-texniki bazası bir o qədər də yaxşı vəziyyətdə deyildi. Lakin zamanla ölkəmizdə aparılan iqtisadi islahatlar, genişmiqyaslı quruculuq və abadlıq işləri, təbii ki, birbaşa təhsil müəssisələrinə, onların maddi-texniki bazasının yenilənməsinə, eyni zamanda genişlənməsinə də şərait yaratdı. Əgər 20 il bundan öncə GDU-nun 3 tədris korpusu var idisə, indi artıq bu korpusların sayı 5-ə çatıb.



Yeri gəlmişkən onu da qeyd edim ki, bu günlərdə ən müasir avadanlıqlarla təchiz olunmuş 4 mərtəbəli 5-ci korpusumuz istifadəyə verilib. Yeni korpusumuzda Əlilliyi olan tələbələr üçün mərkəz, Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi, Avropa Araşdırmaları Mərkəzi, TİKA-nın dəstəyi ilə yaradılan Nuru Paşa adına Kitabxananın nəzdində fəaliyyət göstərən Təlim və Tədris Mərkəzi də yerləşir.



Təhsilin məzmunu məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, bu, bizi daim qayğılandıran problemdir. Təhsilin məzmununda elmi nailiyyətlərin tətbiqi sahəsində aparılan tədqiqatlar göstərir ki, yeni elmi kəşf və ya yeni sosial ideyanın meydana gəlməsi ilə onun sistemli öyrənilməsi arasındakı müddət durmadan azalır. Hər hansı bir yeniliyi tətbiq edərkən, artıq başqa yeniliklər meydana çıxır. Bu, günün tələbidir. Biz istəsək də, istəməsək də, bu yenilikləri qəbul etməliyik. Çalışmalıyıq ki, bu məsələdə geridə qalmayaq. Ona görə də deyə bilərəm ki, əvvəlki illərlə müqayisədə təhsilin məzmununda xeyli dəyişiklik baş verib. Bir məsələni də xüsusilə qeyd edim ki, bu gün universitetlər əmək bazarında rəqabətə davamlılığı təmin etmək üçün yeniliklərə açıq olmalıdır.



- Yusif müəllim, universitetdə elmi-tədqiqat işləri hansı səviyyədədir?



- Universitetdə elmi-pedaqoji kadrların hazırlanması istiqamətində son 3 il ərzində mühüm işlər görmüşük. Etiraf edək ki, 2015-ci ildə universitet akkreditasiyadan keçən zaman elmi dərəcəsi və elmi adı olan professor-müəllim heyətinin sayı az olduğuna görə akkreditasiya meyarlarında bu bənd üzrə universitetə keçid balı hesablanmamışdır. Bu məsələ bizi çox narahat edirdi. Bu çatışmazlığı aradan qaldırmaq üçün universitet kollektivi kifayət qədər məhsuldar çalışmağa başladı. Nəticədə elmi potensialın müsbət inkişaf dinamikasına nail olduq. Məsələn, əgər 2015-ci ildə universitetdəki dosentlərin sayı 134, fəlsəfə doktorlarının sayı 172 idisə, bu il dosentlərin sayı 144, fəlsəfə doktorlarının sayı isə 240-a qədər artıb. Sual yarana bilər ki, bəs biz buna necə nail olduq? Öncə elmi dərəcəli kadr potensialının artması istiqamətində fəaliyyət planı hazırladıq. Elmi dərəcəli müəllimlərə xüsusi imtiyazlar verdik. Əməkhaqlarında diferensiallaşma tətbiq edildi. Görülən işlərin məntiqi nəticəsi olaraq elmi dərəcəli əməkdaşların sayı əhəmiyyətli dərəcədə artdı.



Bu gün əminliklə deyə bilərik ki, universitetimizdə elmi-tədqiqat işləri ilə məşğul olmaq üçün hər cür şərait mövcuddur.



- Bəs, elmi məqalələr necə? Universitet müəllimlərinin məqalələri nüfuzlu elmi jurnallarda dərc olunurmu?



- Bu gün hər bir universitetin elmi potensialı, elmi göstəricisi həmin ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin nüfuzlu elmi jurnallarda dərc olunan məqalələri ilə ölçülür. Nəzərə alaq ki, bu məsələ universitetə reytinq qazandıran amillərin önündə gəlir. GDU-da bu məsələyə xüsusi həssaslıqla yanaşılır. Universitetimizdə son 3 ildə impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayında gözəçarpan qədər artım var. 2016-cı ildə GDU-nun əməkdaşlarının bu jurnallarda 7 məqaləsi dərc olunmuşdursa, 2017-ci ildə bu rəqəm 25-ə çatıb. Xüsusilə qeyd etmək istəyirəm ki, universitet müəllimlərinin elmi məqalələrinin hamısı Thomson Reuters Agentliyinin “Web of Science” bazasına daxil olan jurnallarda dərc edilib. Onu da qeyd edim ki, bu platformaya daxil olan jurnallarda məqaləsi çap olunmuş universitet əməkdaşlarına Elmi Şuranın qərarına və müvafiq əmrə əsasən pul mükafatı verilir. Bu mükafat jurnalların kateqoriyalarına görə müəyyən edilir. Biz bunu əməyin stimullaşdırılması, elmi məqalələrə marağın artması məqsədilə edirik. Nəzərə çatdırım ki, bir məqaləyə görə ən böyük pul mükafatı 400 manatdır.



- GDU beynəlxalq əlaqələri necə qurur, hansı layihələrdə iştirak edir?



- Universitetimiz beynəlxalq əlaqələrin genişlənməsində, müxtəlif layihə və proqramlara qoşulmaqda çox maraqlıdır. Bu istiqamətdə müntəzəm işlər görülür. Məsələn, GDU Avropa İttifaqının təklif etdiyi “Erasmus+” və “Horizon-2020” proqramlarına aktiv şəkildə qoşulub. Tələbə və müəllimlərimiz hər iki proqramın təklif etdiyi imkanlardan maksimum faydalanır. Bundan başqa, Gəncə Dövlət Universiteti koordinatorluğunu Xəzər Universitetinin etdiyi Tempus-CURDEUS (Avropa Birliyi araşdırmaları üzrə kurikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi) layihəsində tərəfdaş qismində də iştirak edib. Bu, çox əhəmiyyətli və səmərəli layihə idi. Layihəyə əsasən, universitetin 6 əməkdaşı Avropa universitetlərində beynəlxalq seminarlarda iştirak edib. Eyni zamanda, 2 nəfər tələbəmiz Portuqaliyanın Lusefona Universitetində, digər 2 nəfər isə Niderland Krallığının Layden Universitetində 1 aylıq intensiv təlimdə iştirak edib. Layihənin yekununda universitetimizin əsas tədris binasında region universitetləri arasında ilk Avropa Araşdırmaları Mərkəzi yaradılıb.



Universitetimizin tərəfdaş kimi iştirak etdiyi digər ən uğurlu layihələrdən biri isə Tempus-ESFİDİP layihəsidir. Layihənin məqsədi əlilliyi olan tələbələrin ali məktəbə inteqrasiyasını təmin etməkdir. Layihənin icrası ilə bağlı universitetimizin yeni korpusunda-5-ci korpusda “Əlilliyi olan tələbələr üçün Mərkəz” yaradılıb. Mərkəz əlilliyi olan tələbələrin ali məktəbdə təhsil almaları, sosial həyatlarının yaxşılaşdırılması və mənəvi dəstək ala bilmələri üçün bir məkandır. Qeyd edim ki, Mərkəz təkcə bizim universitetdə təhsil alan tələbələr üçün deyil, eyni zamanda, qərb bölgəsində oxuyan bütün tələbələr üçün nəzərdə tutulub. Mərkəz qərb bölgəsində fiziki imkanları məhdud tələbələr üçün yeganə mərkəzdir. 25 min avro dəyərində olan bu mərkəz Avropa və Amerika Birləşmiş Ştatları istehsalı olan xüsusi avadanlıqlarla təchiz olunub.



Bu gün universitet “Erasmus+” proqramının təklif etdiyi AESOP, PETRA və EQAC layihələrində də tərəfdaş kimi fəal surətdə iştirak edir.



Düşünürəm ki, bütün bunlar universitetin beynəlxalq əlaqələrinin uğurlu nəticəsidir.



- Universitetin strukturunda necə, dəyişikliklər varmı? Məsələn, günün tələblərinə uyğun yeni fakültələrin, ixtisasların açılması və yaxud lazım olmayan ixtisasların aradan çıxması və sair.



- Əlbəttə ki, var. Bu, qaçılmazdır. Bu gün universitetdə strukturun optimallaşdırılması istiqamətində xeyli iş görülüb. Məsələn, bakalavriat səviyyəsi üzrə 4 ixtisas açılıb, 1 ixtisas isə bağlanıb. Magistratura səviyyəsində isə 12 yeni ixtisas açılıb, 2-si isə bağlanıb. Eyni zamanda, universitetdə pedaqoji kadrların yenidən hazırlanması üçün Əlavə təhsil fakültəsi açılıb, eyni profilli 4 kafedra ləğv edilərək onların bazasında 2 kafedra yaradılıb.



Bundan başqa, universitetdə işin səmərəli təşkil olunması məqsədilə müxtəlif şöbələr, mərkəzlər fəaliyyət göstərir. Məsələn, son illər yaradılan İnnovasiyalar Departamenti və bu departamentə daxil olan şöbələr müasir idarəetmə sisteminə uyğun yaradılıb.



Onu demək istəyərdim ki, universitetimiz nə qədər inkişaf etsə də, qarşıda hələ görüləcək çox işimiz var. Universitet kollektivi var gücü ilə çalışır ki, təhsil ocağımız xalqımız, dövlətimiz üçün daha yararlı, səmərəli bir müəssisə olsun. GDU-nun reytinqi nəinki respublikamızın sərhədləri çərçivəsində, ölkəmizdən kənarda da yüksəklərdə dursun.

Xeberleragentliyi.com

Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam