QADIN » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə

QADIN

Müəllif: cavidan
//
01 Nisan 2019
//
//

Gözündə yağışla boğulan qadın,
Söylə hansı fəslə sən tuş gəlmisən?
Küləyin ritmiylə sovrulan qadın
Ayrılıq sətrində sən də bitmisən?

Gözündə illərin yorğunluğu var,
İlk hansı ümiddə solub getmisən?
Sanki bir çiçəyin solğunluğu var,
Sən hansı budağa güvən etmisən?

Fikirlər olsa da dənizə liman,
Gəmisiz limana yaxın gəlmisən.
Ümidlər tükənir hər gecə, hər an,
Bu tənha dənizi ümid bilmisən?

Bilirəm gözünün qara rəngində,
Mənim o bəxtimə tay gətirmisən.
Tünd fikirlərimi fərqli biçimdə,
Məni sevərkən də ayrı görmüsən?

Sevərkən ağlınla fikirləş qadın,
Ay günəşə çatmaz yəqin bilirsən.
Mən payız adamı, sən bahar fəsli,
Çiçəyi yağışla birgə sevirsən?

Arzu İlqarqızı



DƏFNİ VAR ORDA

Dalğalar insanı alıb aparır,
Məhv edən hisslərin dərin yerinə.
Ləpələr hər kəsə min dərd paylayır,
Bunlar mənim olsun, sənin yerinə.

Ruhun pıçıldasa o qulağına
Mənli xatirələr düşsə yadına,
Apar cismini dəniz qırağına.
Sənli hislərimin dəfni var orda..

Nəmli gözlərindən yaş axsa birdən,
Gözlərim keçməsin gözün önündən.
Sənsiz günlərimi soruş dənzidən,
Gör neçə hisslərin məhvi var orda.

Baxışlar uzaqda bir ada salsa,
Səni də özüylə ora aparsa,
Gözündən damlalar iznsiz axsa,
Bil, hər göz yaşının, əhvi var orda.

Solan çiçəklərə nəzər salarsan,
Üstünə bir ovuc torpaq atarsan.
Güvən ağacına sən su satarsan,
Gör neçə ürəyin səhvi var orda .

İndi səhvlərini ya əhv edərsən,
Ya bütün sevgini sən məhv edərsən.
Qorxuram ürəyə bir səhv edərsən,
Axı sevgimin də, dəfni var orda.

Arzu İlqarqızı


QONAĞIN OLSUN

Hər zaman həyatı qəm olan qadın,
İzin ver, xoşbəxtlik sorağın olsun.
Qəmdən əlini üz, bu qədər bəsdi,
Bu gün də, şeirlər qonağın olsun.

Bədbəxtlik oxunur mavi gözündən,
Xəyallar özünü asmış üzündən,
Sil artıq kədəri, hər bir sözündən,
Cücərən sevgilər qonağın olsun.

Baxışlar həsrətin yolunu çəkir,
Dərd, qəm ürəyinə bəhrəsin əkir,
Hekayən olsa da hər anı məkir,
Ən aciz sətirlər qonağın olsun.

Yanında qalıbsa qəm-qüssə, kədər,
Danış qadın, de ki, bəsdi bu qədər.
Lazım olsa qaldır səsini, yetər,
İzin ver, gülüşlər qonağın olsun.

Gözündə yağışla boğulan qadın,
Hissləri özü tək soluxan qadın,
Qəm xəstəliyinə yoluxan qadın,
Qoy sağlam fikirlər, sorağın olsun.

Qəmi özünə yar eləmə, amandı,
Həyatın odunda insan yanandı.
Gəl misrama qonaq demə, yalandı,
Bir gün də şeirlər qonağın olsun...

Arzu İlqarqızı
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam