Qəzetlərə vergi güzəşti: Hökumət nə planlaşdırır? - "Bunlar qəzetin yükünü artırır" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Qəzetlərə vergi güzəşti: Hökumət nə planlaşdırır? - "Bunlar qəzetin yükünü artırır"

Qəzetlərə vergi güzəşti: Hökumət nə planlaşdırır? - "Bunlar qəzetin yükünü artırır"

Müəllif: cavidan
//
14 Şubat 2019
//
//

Qəzetlərə vergi güzəşti: Hökumət nə planlaşdırır? - "Bunlar qəzetin yükünü artırır"
Ölkəmizdə qəzet, jurnal və kitab satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Milli Məclisin son iclasında bu məsələni deputat Fazil Mustafa da qaldırılıb. O bildirib ki, Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində ƏDV 18 faizdir: «Hətta Türkiyədə bu 8 faiz idi, onu da götürdülər. Avropa ölkələrində də 7 faiz müəyyən olunub. Azərbaycanda hətta kitabların statistikası belə aparılmır. Bu, kitaba münasibətin göstəricisidir. Bizdə kitablar həddən artıq bahalıdır. Belarusda kitab mağazalarından icarə haqqı belə alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa, savadsızlıq baş alıb gedəcək”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da dəfələrlə ƏDV-nin götürülməsini təklif edib:

«Təklif edirəm ki, ümumiyyətlə bütün çap məhsulları - qəzet, jurnal, kitab istehsalı və ölkəyə gətirilməsi üzərindən ƏDV götürülsün. Nəzərə alaq ki, gələcək elmə, biliyə söykənir. İstərdim ki, gələcəyimiz naminə bunu unutmayaq”.

Parlamentdə səslənən təkliflərə Vergilər Nazirliyindən də cavab gəlib. Vergilər nazirinin müavini Sahib Ələkbərov təmsil etdiyi qurumun qəzet, jurnal və kitab satışının ƏDV-dən azad edilməsinin heç vaxt əleyhinə olmadığını bildirib:

“Əgər hökumət təklif ilə çıxış edərsə, biz əleyhinə deyilik. Orada böyük məbləğlərdən də söhbət getmir. Oxuyan vətəndaşların sayının artması üçün bu, yaxşı addım ola bilər. Amma bizdən asılı deyil. Belə bir təklif olacaqsa, biz onu dəstəkləməyə hazırıq”.

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində kitabların, o cümlədən də qəzet və jurnalların satışı ilə bağlı vergi tətbiq edilmir. Bu, vətəndaşların oxumasını stimullaşdırmaq məqsədi daşıyır. Qardaş Türkiyədə də sözügedən məhsulların satışı ƏDV-dən azad edilir. Ölkə prezidenti Rəcəb Təyyub Ərdoğan bu həftə parlamentdə məsələ ilə bağlı qanun qəbul ediləcəyini açıqlayıb.

«Artıq kitabda, jurnalda və qəzetdə ƏDV olmayacaq. Biz bu addımla rəqəmsallaşma şəraitində yayımçılara dəstək veririk»

Azərbaycanda isə kitab, jurnal və qəzetlərin satışı ilə yanaşı, KİV məhsullarının idxalı üçün də ƏDV tətbiq edilir, Nazirlər Kabineti idxal olunan KİV məhsullarının ƏDV-dən azad edilməsi barədə 2005-ci ildə qərar qəbul etmişdi. Həmçinin, Vergi Məcəlləsində də bu məhsulların ƏDV-dən azad olunması nəzərdə tutulur.

Üç il əvvəl Nazirlər Kabinetinin sözügüdən qərarı ləğv edilib və Vergi Məcəlləsində bu məsələnin nəzərdə tutulmasına baxmayaraq, Azərbaycana gətirilən qəzet-jurnallardan və qəzet kağızından əlavə dəyər vergisi tələb edilir.

Vergilər Nazirliyinin hökumətdən təklif gözlədiyi bir məqamda Mətbuat Şurası Nazirlər Kabineti qarşısında bu məsələ qaldırıbmı? ƏDV-nin ləğvi ilə bağlı təkliflər KİV məhsullarının idxalını əhatə edə bilərmi?

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli «Cümhuriyət» qəzetinə açıqlamasında bildirib ki, təklif Milli Məclis kimi yüksək tribunadan səsləndirilibsə, müvafiq qurumlar bununla bağlı öz işlərini görməlidir:

«Mətbuat Şurası hansısa qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təkliflər verməli deyil. Adətən bu cür təkliflər Milli Məclisdə səsləndirilir. Doğrudan da, Vergilər Nazirliyi müvafiq hesab edirsə, həmin güzəştlərlə bağlı qanunvericiliyə düzəlişlər təklif edilməlidir. Müvafiq komissiyalarda müzakirə edilərək, rəy veriləndən sonra bu Milli Məclisin iclasına çıxarılır. Əgər biz jurnalistlər, Mətbuat Şurası bunu istəyiriksə və Maliyyə Nazirliyi də etiraz etmirsə, prosedur qaydalara riayət etməklə məsələnin həyata keçirilməsinə başlamaq olar».

Yadigar Məmmədli deyir ki, təkliflərdən biri də ƏDV-nin KİV-in istifadə etdiyi məhsulların üzərindən götürülməsidir:

«Bura qəzet kağızı, boyalar və bütövlükdə texniki avadanlıqlar daxildir. Bunlar qəzetin yükünü artırır. Ona görə də təklif edirik ki, qəzetin istehsalında istifadə olunan bütün malların üzərindən əlavə dəyər vergisi götürülsün».
Xəbər Lenti Giriş Populyar Reklam