Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyevin sərkərdəliyi ilə darmadağın edilən miflər - Füzulinin fəthi

İlham Əliyevin sərkərdəliyi ilə darmadağın edilən miflər - Füzulinin fəthi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsinin birinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər edib. Çıxışı zamanı dövlət başçısı Füzulinin azad edilməsinin strateji əhəmiyyəti, əməliyyatın mürəkkəbliyi və önəmi barədə fikirlər səsləndirib:

“Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir”.

Füzuli əməliyyatı

Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, Vətən müharibəsində olan döyüşlərdən biridir.

Füzuli istiqamətində gedən döyüşləri haqlı olaraq Vətən müharibəsinin gedişindəki ən şiddətli döyüşlərdən biri kimi qiymətləndirə bilərik. Erməni silahlı birləşmələrinin illərlə yaratdığı istehkamlar, keçilməz adlandırdıqları sədlər məhz bu əməliyyatla darmadağın edilib.

Şəhərin düşmən qüvvələrindən azad edilməsinin ildönümündə çıxışı zamanı dövlət başçısı Füzuli uğrunda döyüşlərin uğurlu əməliyyatlarımızın başlanğıcı olduğunu bildirib:

“Onu da deməliyəm ki, bizim uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Yəni, biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq”.

Əməliyyatların məhz bu bölgədən başlanması heç də təsadüfi xarakter daşımayıb. Belə ki, müharibədə strateji üstünlüklə yanaşı psixoloji əhval-ruhiyyə, orduların döyüş ruhunun yüksəldilməsi istiqamətində vacib həmlələr də həlledici rol oynayır. Erməni silahlıları əsas hücum istiqaməti olaraq Ağdam istiqamətinin seçiləcəyini düşünsələr də, Azərbaycan ordusunun peşəkar zabitləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni pərən-pərən salmaq üçün daha uğurlu bir başlanğıc variantını seçmişdilər. Düşmən tərəfdə yaranmış çaşqınlıq həm də ordumuzun psixoloji üstünlüyə yiyələnməsinə də gətirib çıxaracaqdı.

Gözlənilən kimi də oldu, Füzuli əməliyyatı ilə Azərbaycan ordusu eyni zamanda düşmənin müqavimətinə də ağır zərbə endirdi. Uzun illər ərzində süni şəkildə yaradılmış “məğlubedilməz erməni ordusu”, “keçilməz sədd” kimi miflər yer üzündən silindi. Azərbaycan ordusu darmadağın etdiyi bu anlayışlar sayəsində böyük ruh yüksəkliyi ilə çıxdığı haqq yoluna daha mübariz əhval-ruhiyyədə davam etdi.

Məhz bu amili də öz çıxışında diqqətindən kənar qoymayan Ali Baş Komandan bildirib:

“Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır”.

Prezident İlham Əliyevin vurğuladığı məqam müharibənin gedişində həlledici amillərdən biri kimi qarşımıza çıxdı. Bu məqam – düşmən qoşunları arasında fərarilik hallarının artması Füzuli döyüşlərinin sadəcə döyüş meydanında qazanılmış qələbə deyil, eyni zamanda psixoloji savaş müstəvisində parlaq zəfər olduğunu ortaya qoydu. Mifləri yox olan, ağır itkilər verən, var gücünü cəmləşdirdiyi müdafiə xətləri məhv edilmiş erməni silahlıları tək çarə kimi qaçmağı gördü. Çünki bir neçə təhlükəli, 30 il ərzində hazırlanmış, möhkəmləndirilmiş müdafiə xəttini böyük şücaətlə keçən igidlərimizin qarşısında onsuzda duruş gətirə bilməyən düşmənin bütün bunlar olmadan hər hansı bir müqavimətə cəhd göstərməsi də mümkünsüz idi.

Ali Baş Komandanın mahir sərkərdəlik bacarığı, Azərbaycan ordusunun zabit heyətinin peşəkarlığı və ordumuzun döyüş hazırlığının yüksək səviyyədə olması Füzulinin fəthini şərtləndirdi. Bu fəth eyni zamanda digər əməliyyatların, xüsusən tarixi Şuşa əməliyyatının əsasının qoyulması baxımından önəmli rol oynadı.

Ali Baş Komandan Füzulinin azad olunması barədə:

“Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi”.

Azərbaycan ordusunun sərkərdəsinin – Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, Füzulidə qazanılmış zəfərdən sonra ordumuzun irəliləyişinin sürətində də əhəmiyyətli dəyişiklik oldu. Qısa zamanda Zəngilan və Qubaqlı istiqamətində döyüş ruhu, güvəndiyi miflər məhv edilmiş erməni ordusu sarsıdıcı zərbələrlə geri çəkilməyə məcbur edildi. Qubadlıdan sonra Azərbaycan igidləri Laçına qədəm qoydular və dəhlizə çıxış əldə olunması döyüşlərin taleyini birdəfəlik həll etdi. Bu uğur Azərbaycan ordusuna həm də Şuşaya gedən yolu daha inamla irəliləməyə imkan verdi.

Tarixin şanlı səhifələrində özünə yer tapan Füzuli döyüşləri Azərbaycan ordusunun qüdrətini, Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəlik xüsusiyyətlərini ortaya qoydu, Azərbaycanın haqq savaşında vahid yumruq kimi öz hədəfinə doğru irəlilədiyini bütün dünyaya sübut etdi…

  • Sosial şəbəkədə paylaş