Sizin reklam burada
Sizin reklam burada

Milli Musiqi Günü ilə bağlı Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Milli Musiqi Günü ilə bağlı Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub


18 sentyabr Milli Musiqi Günü münasibətilə Mədəniyyət naziri Anar Kərimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi və bir qrup mədəniyyət və incəsənət xadimi Fəxri xiyabanı ziyarət ediblər.

APA-nın məlumatına görə, əvvəlcə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub.

Nazir Anar Kərimov musiqi bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib ki, bu gün sadəcə, musiqisevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: “Bu gün mədəniyyətimizin ən əlamətdar günlərindən birini yaşayırıq. Keçən il burada qeyd edildi ki, gələn il bu günü Şuşamızda keçirək. Şükürlər olsun ki, biz bu günü görə bildik.

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin və onun yaxın dostu bəstəkar və dirijor Müslüm Maqomayevin 136 illiyini qeyd edirik. Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin böyük yeri var. O, Azərbaycan xalqının mənəvi qüdrətinin böyük timsalıdır. Qarabağda, "Qafqazın konservatoriyası" adlanan Şuşada anadan olması Üzeyir bəy üçün ilk məktəb olub. Onun əsərləri bəstəkarlar üçün böyük nümunədir. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır. O, öz əsərlərində Şərq və Qərb musiqisinin vəhdətini yaradıb. Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünaslar nəsli yetişdirib. Onun rəhbərliyi altında Azərbaycanda bəstəkarlıq məktəbi yaradılıb. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini ulu öndər Heydər Əliyev qoyub. Ümummilli Liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Artıq neçə ildir, xalqımız bu bayramı qeyd edir. Bu, bir daha Heydər Əliyevin bizim mədəniyyət xadimlərinə göstərdiyi qayğının bariz nümunəsidir. Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərildiyi qayğının davamı kimi Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı da göz qabağındadır. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirir. Bu festivala dünyanın bir sıra tanınmış musiqiçiləri cəlb edilib. Təəssüflər olsun ki, bu il pandemiyaya görə biz bu festivalı keçirə bilmirik. Buna baxmayaraq, festivalı davamlı etmək üçün ötən illərin ifalarını televiziyada göstərmək qərarına gəldik. Bu gün həm də bəstəkar Müslüm Maqomayevin yubileyidir. Üzeyir Hacıbəyli Müslüm Maqomayevi əsl xalq ruhlu, yenilikçi sənətkar hesab edirdi”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, çox sevindirici haldır ki, artıq Şuşada musiqi festivalları, Vaqif Poeziya günləri keçirilir.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib ki, bu il bu bayramı başqa bir əhval ruhiyyəsi də keçiririk:

"Onun musiqisi hər zaman bizimlədir. Onun yaratdıqları bütün zamanlarda yaşayacaq. Musiqimizin uğurları Üzeyir bəylə bağlıdır. Azərbaycan musiqisinin bu səviyyəyə gəlib çatması onun dühasının məhsuludur. Üzeyir bəy hər yerdə var və onun əsərləri hər zaman sevilə-sevilə dinlənilir."

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də çıxış edib: “Biz həmişə bu bayramı qeyd edəndə arzu edirdik ki, bu festival Şuşada keçirilsin. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad oldu, bundan sonra əbədi olaraq bu bayramlarımızı orada keçirəcəyik.

Biz Üzeyir bəyin qoyduğu ənənələrə sadiq qalaraq musiqimiz inkişaf etdirməli və onu yad təsirlərdən qorumalıyıq”.

Sonda Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası səsləndirilib.

Mədəniyyət və incəsənət nümayəndələri Müslüm Maqomayevin, Rəşid Behbudovun, Fikrət Əmirovun, Niyazinin, Bülbülün məzarlarını ziyarət ediblər.

Ulu öndər Heydər Əliyevin xatirəsini yad edən mədəniyyət və incəsənət nümayəndələri daha sonra oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ