Sizin reklam burada
Sizin reklam burada

Asimmetrik müharibədən sərhəddə təxribatlara: Ermənistan yenə də cinayətlər törədir

Asimmetrik müharibədən sərhəddə təxribatlara: Ermənistan yenə də cinayətlər törədir



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm üsullarla aparılan 44 günlük Vətən müharibəsi açıq şəkildə Ermənistanın hərbi, siyası və diplomatik acizliyini nümayiş etdirdi. Ən müasir hərbi texnika ilə təchiz olunan və döyüşlərdə inanılmaz şücaət göstərən qəhrəman Azərbaycan Ordusunun zərbələrinə tab gətirməyən erməni silahlı qüvvələri, beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq, asimmetrik müharibə aparmağa üstünlük verib.

Məlum olduğu kimi, beynəlxalq silahlı münaqişələr hüququ bir çox digər məsələlərlə yanaşı silahlı qarşıdurmada olan tərəflərin mübarizə üsulları və vasitələrinin tətbiqinin dəqiq hüquqi çərçivəsini müəyyən edir. Ancaq nəzərə almaq lazımdır ki, münaqişə tərəflərinin hərbi potensialı, döyüşmək iradəsi müxtəlif olur və məğlubiyyət təhlükəsi ilə üzləşən tərəf bir çox hallarda müharibənin qadağan olunan üsullarından və cinayət xarakterli qeyri-ənənəvi döyüş taktikasından istifadəsinə üstünlük verir. Bu cür hərbi konsepsiya müasir beynəlxalq leksikonda “asimmetrik müharibə” kimi tanınır. Ümumiyyətlə “asimmetrik münaqişə” termini ilk dəfə olaraq 1975-ci ildə britaniyalı alim Endrü Makkınin Kembric universiteti tərəfindən dərc edilən “World Politics” jurnalındakı məqaləsində əksini tapıb və sonradan geniş miqyasda sinonimlər kimi istifadə edilən “asimmetrik müharibə” və “asimmetrik münaqişə” ifadələri beynəlxalq miqyasda geniş formada istifadə olunub.

Asimmetrik müharibə müxtəlif səviyyələrdə - hərbi-strateji, operativ, siyasi səviyyələrdə və müxtəlif formada (məsələn, terror üsullarından istifadə etməklə) aparıla bilər, ancaq hər bir halda uzun illərdən bəri formalaşan və silahlı münaqişələri tənzimləyən beynəlxalq hüquq normalar və prinsiplərinin açıq-aşkar pozulmasını və nəticədə bir çox hallarda müharibə cinayətlərinin törədilməsini ehtiva edir. Belə bir asimmetrik müharibə formalarının bariz nümunələrini 44 günlük Vətən müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri nümayiş etdirib və onlar tərəfindən aparılan əməliyyatlar ilk növbədə beynəlxalq humanitar hüququ ciddi çəkildə pozub.

Asimmetrik müharibənin göstəriciləri olan – mülki əhaliyə və mülki infrastruktur obyektlərinə hücumlar, qadağan edilən müharibə vasitələrindən - klaster (kasset), fosfor sursatlarından istifadə, ətraf mühitə uzunmüddətli və genişmiqyaslı ziyan vurulması, muzdluların və uşaqların hərbi əməliyyatlara cəlb edilməsinə mənfur qonşularımız tərəfindən sistematik şəkildə yol verilib. Ancaq Ermənistanın silahlı qüvvələri tərəfindən ən alçaq vasitələrdən və üsullardan istifadə edilməsinə rəğmən, Azərbaycan Ordusu onları darmadağın edib və düşmən tərəfinin kapitulyasiyası nəticəsində bölgədə yeni geostrateji vəziyyət yaranıb. Bu cür şəraitdə novbəti ən mühüm addımlardan birini dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası təşkil edir və bu proses ümumilikdə regionda beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına xidmət edir. Burada fundamental hüquqi yanaşma isə ondan ibarətdir ki, siyasi və hüquqi kollapsa uğrayan Sovet İttifaqının keçmiş respublikalarının inzibati sərhədləri müstəqillik əldə etmiş dövlətlərin beynəlxalq sərhədlərinə çevrilib və ölkəmiz beynəlxalq hüququn müəyyən etdiyi çərçivədə müvafiq tədbirləri həyata keçirir.

Təəsüf ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq təcrübədə qəbul edilən dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə müvafiq işləri görmək əvəzinə acizlik nümayiş etdirərək, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimini pozmağa cəhd edir, təxribatlar törətməklə bölgədə vəziyyəti gərginləşdirməyə çalışır. İyulun 23-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması və hərbi qulluqçumuzun qətlə yetirilməsi erməni vandallığının növbəti nümunəsi olub. Bu azmış kimi, 25 iyul tarixində Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqeləri snayper silahları və avtomatlardan atəşə tutulub. Əlbəttə ki, Azərbaycanın silahlı birləşmələri düşmənə layiqli cavab verib və hər zaman təcavüzkarı susdurmağa qadirdirlər. Ancaq ordusuna ölümcül zərbələr endirilmiş, kapitulyasiya aktına imza atan, iqtisadiyyatı tamamilə tənəzzülə uğrayan, müstəqil dövlət kimi hələ də formalaşmayan Ermənistan bütövlükdə regionda sülh proseslərinə ciddi təhlükə yaradır və uzun müddət yürütdüyü militarist, terror siyasətini davam etdirir. Hər bir halda bu cür düşmənçilik siyasəti hansısa nəticə verə bilməz və bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatının bərqərar olunmasına hər hansı başqa alternativ yoxdur.

Bir daha qeyd etmək lazımdır ki, dövlətimiz tərəfindən 44 günlük Vətən müharibəsində əldə edilən parlaq qələbənin məntiqi nəticəsi olaraq sərhədlərin toxunulmazlığı prinsipinin bərpası üzrə zəruri tədbirlərin həyata keçirilməsi beynəlxalq hüquqla tanınır və müdafiə edilir.

Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ